Suallar hazırlanarkən abituriyentlərin yaşı, bilik səviyyələri nəzərə alınmalıdır - Elçin Əfəndi

Martın 5-i və 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumtəhsil müəssisələrində keçirilən buraxılış imtahanları abituriyentlər və repetitorlar tərəfindən böyük narazılıqla qarşılanıb. Həmin abituriyentlər və repetitorlar imtahan suallarının həddindən artıq çətin olmasından şikayətçidirlər.
Xüsusən də, XI siniflər üçün keçirilən buraxılış imtahanından sonra sosial şəbəkədə riyaziyyat fənnindən paralelepipedlə bağlı sualın yanlış olduğu ilə bağlı məlumatlar yayılıb.

Biz də mövcud məsələ ilə bağlı fikirlərini öyrənmək üçün təhsil eksperti Elçin Əfəndi ilə əlaqə saxladıq:

“Dövlət imtahan mərkəzi 5 və 12 mart tarixlərində keçirilən buraxılış imtahanlarında hər il olduğu kimi bu il də proqram çərçivəsində suallar salınıb. Amma narazılıq edilir ki, Azərbaycan dili fənnindən bəzi suallar, daha doğrusu mətnlər var ki, dərsliklərin siyahısında olmayıb. Bu da səhv etmirəmsə, türk yutuberin səsləndirməsi əsasında hazırlanmış bir mətn idi. Bu mətnlə bağlı salınan suallarda isə tərcümələr düzgün həyata keçirilməlidir ki, imtahan verən abituriyentlər fərqli sözləri doğru-düzgün başa düşə bilsinlər. Amma görünən odur ki, şagirdlər bu suallarla bağlı çətinliklərlə üzləşiblər. Mətnlərin həcminin böyük olması onlarda vaxt itkisinə səbəb olub. Bundan əlavə onu qeyd edim ki, birinci imtahanda 50 498, ikinci imtahanda isə 50 823 abituriyent iştirak edib. Əlbəttə ki, imtahanda iştirak edən abituriyentlərin hər biri o sualları tam olaraq cavablandıra biməzdi. 5 mart tarixində keçirilən ilk imtahanda riyaziyyat fənnində bir sualın cavabının tapılmasında çətinlik yaşanıb. Eyni zamanda 12 mart tarxində baş tutan növbəti imtahanda iştirak edən abituriyentlər də bir sualda doğru cavabın tapılmasında çətinliklə üzləşiblər. Təbii ki, bu halın olmasını müəllimlər də, abituriyentlər də bildirib. Qaldı ki, sualların ümumi çətinliyi məsələsinə, onu deyim ki, həmin suallar asan, orta, çətin səviyyəsində tətbiq edilir. Görünən isə ondan ibarətdir ki, bu qədər çətinlik yaşayan abituriyentlər sualların daha çox çətinlik istiqamətində olduğunu deyirlər.

Ekspert bildirdi ki, bu halla bağlı ilkin imtahan nəticələri elan olunmadan dəqiq bir şey demək olmaz. Çünki, nəticələr, eləcə də tam statistika əlimizdə yoxdur.

“Yalnız aprel ayının ilk yarısında cavabların elan olunmasından sonra yekun fikri bildirmək olar. Təbii ki, əgər texniki və ya elmi səhv olacaqsa, bu hal abituriyentlərin xeyrinə hesablanacaq. Əvvəlki illərdə də belə bir qərarın verilməsini müşahidə etmişik. Hazırda isə səhv və abituriyentlərin cavablandıra bilmədiyi suallar varsa da, bu proses imtahan nəticələri elan olunandan sonra apelyasiya komissiyasına şikayət əsasında müəyyənləşdirilə. Beləliklə, səhv, hər hansı şikayət və yaxud narazılıqla bağlı həmin gedişatda da abituriyentlər öz şikayətlərini, fikirlərini bildirə biləcəklər”.

Elçin Əfəndi həmçinin sualların çətin olması ilə bağlı deyilənlərə də münasibət bildirdi:

“Sualların çətinlik səviyyəsinin çox olması ilə bağlı deyilənlərə gəldikdə isə, əlbəttə onu deyə bilərəm ki, imtahan verən şəxslər tərəfindən bu hallar az deyilmir. Amma bununla yanaşı haqlı və ya haqsız tərəflərin olması halı da istisna deyil. Ümumiyyətlə, imtahana hazırlıqlı gedən hər bir şagird verilən sualları cavablandıra bilir. Amma bu imtahanlarda maraqlı hal ondan ibarətdir ki, bu abituriyentlərin özləri də şikayətçi qismindədirlər. Bəzi fənnlərdən, xüsusilə də, Azərbaycan dili və Riyaziyyat fənlərindən sualların çətinlik səviyyəsi yüksək olduğu bildirilir. Beləliklə də imtahan iştirakçıları cavablandırma ilə bağlı çətinlik çəkiblər”.

Sualların hazırlanması qaydasından danışan ekspert əlavə etdi ki, imtahanlarda təqdim olunan suallar 2019-cu ildən etibarən kurrikulum sistemi ilə həyata keçirilir.

“Burada açıq və qapalı tipli suallar mövcuddur. Suallar orta məktəblərdə tədris edilən dərsliklərə əsasən hazrlanır. Həmin dərsliklərdə olan məzmun xətti, eyni zamanda şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq olaraq kurikulumun tələbləridir. Bu hal nəzərə alınaraq suallar hazırlanır. Bu sualların tərtib olunmasında Dövlət İmtahan Mərkəzinin tabeliyində xüsusi imtahan komissiyası və həmin komissiyada fənn rəhbərləri var ki, müvafiq olaraq, həmin fənnlərdən proqram materiallarının tərtib olunması kimi məsələləri icra edirlər. Təbii ki, bu da DİM-in razılığı əsasında həyata keçirilir. Səhv etmirəmsə, Dövlət İmtahan Mərkəzi mart ayında keçirdiyi imtahanlarla bağlı yanvar ayında buraxılış imtahanı formatında, hansı mövzuların olacağı ilə bağlı proqramı Abituriyent jurnalının xüsüusi buraxılışında bildirmişdi. Amma maraqlı məqam ondan ibarətdir ki orada verilən model testlər vardı ki, həmin testlərin də çətinlik dərəcəsi yüksək olan testlərdir. Görünən odur ki, bu imtahanlarda həmin model testlərdən bir qat artıq çətinlik olub ki, abituriyentlər də bu qədər narazılıq edirlər”.

Təhsil eksperti Elçin Əfəndi fikirlərini belə tamamladı:

“Düşünürəm ki, sualların hazırlanması zamanı abituriyentlərin ümumi yaşı, bilik səviyyələri nəzərə alınmalıdır. Amma bəzi metodistlər, yəni fənn rəhbərləri var ki, sanki imtahanı verən müəllimlərdi deyə düşünür və sualları da o əsasla hazırlayırlar. Halbuki nəzərə alınmalıdır ki, bu imtahanlar 15-16-17 yaşlı şagirdlər üçün həyata keçirilir”.

Aynur HÖKMÜRƏVAN