"Faciəni intriqaya çevirənləri pisləyirəm"- Baş redaktordan Anar Bağırova mənəvi dəstək

"Salyan Vəkil bürosundan vəkil Zaur Məmmədovun özünü yandıraraq intihar etməsi hər bir insan üçün üzücü xəbərdir. Olayla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir insanı, vəkil kimi nüfuzlu peşə sahibini özünü öldürmə həddinə çatdıranların qanun qarşısında cavab verəcəyinə inanıram".

Bu barədə AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı öz Facebook profilində yazıb. T. Şahsuvarlı daha sonra deyib:

"Eyni zamanda bu olaydan Vəkillər Kollegiyasının sədri Anar Baghirova qarşı çirkin məqsədlərlə istifadə etmək istəyənləri, bir insan faciəsini vicdansızcasına intriqa predmetinə çevirənləri ən kəskin şəkildə qınayır və pisləyirəm. Əvvəla, təqsirsizlik prezumpsiyası var. İkincisi, özünə qəsd edən vəkilin VK və VK sədri ilə heç bir incikliyinin olmamasını onun öz profilindəki paylaşımlar da sübut edir. Üçüncüsü, bu olay bir daha təsdiq edir ki, Anar Bağırovun rəhbərliyi ilə VK-da aparılan islahatlar davam etməli, vəkillik fəaliyyəti şəffaflaşmalı, peşəkarlıq artmalıdır. Anar Bağırov həm hüquqçular cameəsində, həm də bütövlükdə cəmiyyətimizdə öz müsbət reputasiyası ilə seçilən insandır. Bu cür sözün bütün mənalarında səviyyəli insanları qaralamaq cəmiyyətimizin inkişafı yolunu palçığa bulaşdırmaqdır".

AzNews.az