Müşfiq Ələsgərli: "Bu, Prezidentin Azərbaycan mediasına verdiyi önəmi göstərir"

“Cənab Prezidentin yerli media ilə görüşü birinci o baxımdan əhəmiyyətlidir ki, burada kifayət qədər mesajlar səsləndirildi. Azərbaycanın həm daxili durumu, həm xarici siyasəti və perspektiv hədəfləri ilə bağlı kifayət qədər mesajlar verdi, istiqamətləri açıqladı”.

Bu sözləri AzNews.az-a açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.

O qeyd edib ki, 2020-ci ildən cənab Prezident şəxsən özü media ilə çox aktiv işləyir.

“Həm sosial media, həm də ənənəvi media, milli, xarici KİV qurumları ilə çox aktiv ünsiyyətdədir. Müşahidə edilən hal budur ki, cənab Prezident il üzrə ən mühüm mesajları Azərbaycan kütləvi informasiya vasitələrinin üzərindən çıxarır. Diqqət etsək görərik ki, əslində prezidentin milli KİV-lə geniş formatda görüşü artıq bir ənənəyə çevrilib. Üç ildir hər ilin yanvar ayında cənab Prezident yerli media ilə görüşür və açıqlamalar verir. Bu dövlətimiz, onun strategiyası, siyasəti ilə bağlı fikirlərin yayılması və mesajların verilməsi baxımından çox önəmlidir. Mesajlar bəzən xarici transmilli KİV-lər üzərindən, bəzən isə sosial media üzərindən ötürülür. Ancaq mühüm strateji hədəflərlə bağlı məsələlər həmişə yerli televiziyalara yanvar ayında keçirilən ənənəvi görüş üzərindən ötürülür. Bu da cənab Prezidentin Azərbaycan mediasına verdiyi önəmi göstərir. Ümumilikdə son illər ərzində dövlətin kommunikasiya işi çox yüksək səviyyədə qurulur və inkişaf etdirilir. Peşəkar medianın Azərbaycan milli mediası üzərində olması dövlətimiz, cəmiyyətimiz, hakimiyyət strukturları üçün çox əlverişli bir ortam yaradır. Bunlar da hər kəs üçün faydalı olacaqdır”.

Rəfiqə NAMAZƏLİYEVA