Seymur Verdizadə: "Cəbrayıl o fotoda təqim ediləndən daha gözəl olacaq"

"İnsanların narahatlığını normal qəbul etmək lazımdır. Keçmiş məcburi köçkünlər doğma yurdda abad yaşayış massivləri görmək istəyirlər. Təxminən 30 il davam edən ağır və məşəqqətli köçkün həyatından sonra insanlar rahat, geniş, işıqlı mənzillərdə yaşamaq istəyirlər. Hesab edirəm ki, Azərbaycan dövləti onların bu arzusunu həyata keçirmək üçün bütün imkanları səfərbər edib".

Bu sözləri Aznews.az-a açıqlamasında əslən Cəbrayıl rayonundan olan tanınmış jurnalist Seymur Verdizadə deyib. Jurnalist Cəbrayılda dronla çəkilən və müzakirələrə səbəb olan məlum fotonun orada aparılan quruculuq-abadlıq işləri ilə bağlı dolğun təsəvvür yaratmadığını bildirib:

"İnanıram ki, Cəbrayılda o fotoda təqdim ediləndən daha abad bir şəhərcik salınır. Sadəcə, səbrli olmaq, tikinti işlərinin başa çatmasını gözləmək lazımdır. Amma düşünürəm ki, inşaat işlərini həyata keçirən dövlət qurumu haqlı-haqsız bütün rəyləri süzgəcdən keçirməli, əgər hansısa nöqsan varsa, dərhal aradan qaldırmalıdır. Dövlət büdcəsi hesabına tikilən hər binanın, hər evin üzərində ciddi ictimai nəzarət olmalıdır".

Rəfiqə NAMAZƏLİYEVA