Birlik sədri: “Parlament seçkiləri gənc nəslə özlərini ifadə etmək üçün şərait yaradıb”

“Azərbaycan Respublikasında keçiriləcək 1 sentyabr növbədənkənar parlament seçkiləri müasir inkişafın təməl daşı kimi qiymətləndirilməlidir. İlk dəfə olaraq Milli Məclisə seçkilərdə ölkənin bütün ərazisində səsvermə məntəqələri açılacaq. Amma məsələ bununla yekunlaşmır, indiki seçkinin Azərbaycanda digər bütün sahələrə də təsiri var”.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Turan" İstedadlar Birliyinin sədri Ceyhun Hacıbəyov bildirib.

Onun sözlərinə görə, QHT sektorunda təmsil olunan istedadlı gənclər müasir Azərbaycanın inkişafının aparıcı qüvvələrindədirlər: “Onların demokratik proseslərdə, xüsusilə seçkilərdə fəal iştirakı edirlər ki, bu da ölkəmizin sosial-iqtisadi və ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edir”.

Ceyhun Hacıbəyovun fikrincə, müasirlik dövründə istedadlı gənclər ölkənin inkişafına yenilikçi yanaşmalar gətiriblər: “Turan” İstedadlar Birliyi olaraq biz inanırıq ki, növbədənkənar parlament seçkiləri Azərbaycanda yeni çağırışlara cavab verən qanunverici orqanının formalaşmasına imkan verəcək. Bu seçkilərdən sonra ölkə daha da modernləşəcək, xüsusilə işğaldan azad edilmiş ərazilərin bərpası və inteqrasiyası ilə bağlı yeni imkanlar yaranacaq. Bu seçkilər şərait yaradır ki, istedadlı və yenilikçi gənclər Azərbaycan xalqının müasir inkişafını istiqamətləndirən proseslərdə rol alsınlar”.