- Göz önü
- 16:29
- 1 900
FHN rəsmisi: “Sea Breeze"də keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib

“Sea Breeze"də keçirilən təlim çərçivəsində qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.
Bu sözləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət kapitanı Əlibala Əlizadə deyib.
O bildirib ki, Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Sea Breeze Resort” istirahət və yaşayış kompleksində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə kompleks taktiki təlim keçirilib:
"Təlimin keçirilməsində məqsəd kompleksin aidiyyatı heyətinin fövqəladə hallar zamanı maarifləndirilməsindən ibarət olub. İki hissədən ibarət olan tədbirdə həm nəzəri, həm də praktik biliklər aşılanıb. Təlimə FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə, eyni zamanda Kiçikhəcimli Gəmilərə Nəzarət Sularda Xilasetmə xidmətlərinin canlı qüvvə və texnikaları cəlb olunub. Təlim çərçivəsində qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilərək baş verən şərti yanğın söndürülüb və köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edilib. Həmçinin suda boğulma təhlükəsi ilə üzləşmiş vətəndaş xilas edilib. Partlama təhlükəli maddələr tapılaraq zərərsizləşdirilib. Təlim uğurla başa çatıb".
AzNews.az