Professor Ramiz Mehdiyevi AMEA-dan uzaqlaşdıran o ərizəni göstərdi: İLK DƏFƏ

Prezident Administrasiyasının bugünlərdə cinayət məsuliyyətinə cəlb olunan sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsi tərəfindən keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində Ramiz Mehdiyevlə bağlı cinayət işi başladılıb. R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Ramiz Mehdiyev 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb. 2022-ci ildə AMEA-nın prezidenti Ramiz Mehdiyevlə bağlı yayılan məlumatı ictimaiyyət maraqla qarşıladı. Belə ki, həmin dövrdə AMEA Tarix və Etnologiya İnstitutnun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov AMEA prezidenti Ramiz Mehdiyevlə bağlı açıqlama verərək, artıq onun rəhbərliyi altında çalışmaq istəmədiyini bildirdi.

Professorun bu fikirlərini AMEA-nın bir sıra üzvü, ziyalılar dəstəklədilər. Baş verən proseslərlə bağlı Ramiz Mehdiyev 14 fevral 2022-ci ildə AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini açıqladı. 19 fevral 2022-ci ildə AMEA ümumi yığıncağında Mehdiyevin istefası qəbul edildi. Həmin vaxtdan bir neçə il keçib və yenidən R.Mehdiyevlə bağlı ciddi ittihamlar var.

Professor Kərim Şükürov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, R.Mehdiyev rəhbər olduğu dövrdə akademiyada antielmi mühit yaratmışdı:

“Bu, 80 illiyini qeyd edəcək akademiyanın nüfuzuna da ağır zərbə vururdu. Bununla da akademiyanı yaradan, onu inkişaf etdirən görkəmli elm xadimlərinin xatirəsinə də etinasızlıq göstərilirdi. Vəzifəyə təyin olunanda və sonra mənim qarşımda da bu xarakterli vəzifələr qoymağa çalışdı. Mən etiraz etdim, sonra bu, təqibə çevrildi.

Mən də həm açıq şəkildə etirazımı bildirdim, həm də mövqeyimi ifadə edən ərizə yazıb, istefamı istədim. Bu, Ramiz Mehdiyevə qarşı tək-tük etirazlardan biri idi. Tarix bir daha sübut edir ki, biz mövqeyimizi bu və ya digər hadisə baş verəndən sonra deyil, vaxtında bildirməliyik.

Mən arxivimdə olan həmin ərizəmin surətini sizə təqdim edirəm.

Təəssüf ki, o zaman AMEA-nın bir sıra akademikləri mənə qarşı çıxdılar. Onlardan birinin telekanallardan birində mənim əleyhimə söylədiyi fikirlərini indi də xatırlayıram”.

O bildirib ki, geniş ictimai fikir belə mövqelərin yanlış olduğunu sübut etdi:

“Həyat sübut etdi ki, həmin hadisələrin nəticəsi olaraq Ramiz Mehdiyevin AMEA-dan uzaqlaşdırılması çox düzgün qərar olub. Təsəvvür edin ki, o, AMEA-da qalsaydı, ona qarşı irəli sürülən ağır ittihamları həyata keçirməkdə özü üçün necə imkanlar əldə edə bilərdi. Artıq məsələ hüquqi müstəviyə keçdiyindən, bu məsələ üzərində daha geniş dayanmaq istəmirəm. Söz artıq hüquq-mühafizə orqanlarınındır”.