- Göz önü
- 20 Noyabr 21:41
- 1 778
Komissiya sədri: Hüquq fakültəsi məzunlarına yeni imkan yaranıb
Vəkil peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş stajının bir ilədək azaldılması, vəkillik institutuna gənc və perspektivli hüquqşünasların cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu dəyişiklik Hüquq fakültəsi məzunlarının vəkil olmaqla bağlı karyera hədəflərinə daha erkən mərhələdə çatmalarına imkan yaratmaqla yanaşı, həm də vəkilliyin kadr potensialının yenilənməsi və dinamikləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov deyib.
O bildirib ki, tələb olunan staj müddətinin qısaldılması gənc hüquqşünaslar üçün vəkillik yolunun daha əlçatan olmasına şərait yaradır və bu, hüquqi yardım sistemində insan resurslarının davamlı inkişafına müsbət təsir göstərir.
İxtisas Komissiyasının sədri, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliklər ölkədə vəkillik institutunun inkişafına yönəlmiş praktiki təşəbbüslərin və hüquqi islahatların məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. “Bu dəyişikliklərin dəstəklənməsi, hüquqi dövlət quruculuğu prosesində vəkillik institutuna göstərilən strateji əhəmiyyətin və siyasi iradənin bariz göstəricisidir. Bu addımlar, həmçinin hüquqi yardımın səmərəliliyinin artırılması, vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi və hüquqi peşəkarlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”, - deyə o vurğulayıb.