- Üçüncü sektor
- 30 Oktyabr 20:54
- 1 496
“Pragma” İB Laçın rayonunun su təhlükəsizliyi ilə bağlı təkliflər hazırlayıb
“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinin maliyyə yardımı ilə “Laçın rayonunda su təhlükəsizliyi” adlı layihə həyata keçirib.
Layihə çərçivəsində 5 jurnalist araşdırması aparılıb, 4 ekspert rəyin, 16 hüquqi rəy, 10 müsahibə hazırlanıb.
Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinə informasiya sorğuları göndərilib. İnformasiya sorğularına verilən cavablarda, hər iki dövlət qurumu Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu dövrdə bölgənin su təhlükəsizliyinə ciddi zərbələr vurulduğunu, lakin torpaqlarımız işğaldan azad olunduqdan sonra rayonun su hövzələrində hər hansı ciddi çirklənmə faktlarının qeydə alınmadığını vurğulayıblar.
“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi layihə çərçivəsində həmçinin Laçın şəhərində və Zabux kəndində rayonun su təhlükəsizliyi ilə bağlı ictimai müzakirələr təşkil edib.
Layihə çərçivəsində görülən işlərin yekunu olaraq “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi Laçın rayonunda su təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı təkliflərlə çıxış edir:
1. Daimi ekoloji monitorinq şəbəkəsinin yaradılması:
Laçın rayonundakı bütün əsas su mənbələri- çaylar, bulaqlar, göllər və yeraltı sular üzrə davamlı müşahidə sistemi qurulmalı, məlumatlar elektron platformada ictimaiyyət üçün əlçatan olmalıdır.
2. İşğal dövründə zərər görmüş bulaqların bərpası:
Ərazidəki bulaqların və kiçik su hövzələrinin bərpası üzrə inventarlaşdırma aparılmalı, prioritet obyektlər üzrə ekoloji reabilitasiya proqramı hazırlanmalıdır.
3. Sərhəd sularının ekoloji təhlükəsizliyinin təmin edilməsi:
Ermənistanla sərhəddə yerləşən göl və su mənbələrinin mühafizəsi üçün beynəlxalq əməkdaşlıq çərçivəsində birgə nəzarət və məlumat mübadiləsi mexanizmi yaradılmalıdır.
4. İçməli su infrastrukturunun yenilənməsi:
Laçın rayonun yenidən inşa edildiyindən bütün yaşayış məntəqələrində içməli su təchizatı sistemləri yenilənməli, dayanıqlı su idarəçiliyi modeli tətbiq olunmalıdır. Bu zərurətdən irəli gələrək, su infrastrukturunun bərpası zamanı elmi tədqiqatlarla yanaşı, yerli sakinlərin praktiki biliklərindən də istifadə olunmalıdır. Rayonunun eko sisteminin qorunması üçün bütün fəaliyyət koordinasiyalı şəkildə aparılmalıdır.
5. İctimai nəzarət və maarifləndirmə:
Su təhlükəsizliyi məsələlərinə yerli icmaların, media nümayəndələrinin və QHT-lərin cəlb edilməsi, bölgədə ekoloji təlimlər və ictimai monitorinqlər təşviq edilməlidir.
6. Elmi-tədqiqat və laborator analizlərin genişləndirilməsi:
Rayonun müxtəlif su mənbələrindən nümunələr götürülərək dövri analizlər aparılmalı, nəticələr ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır.
7. Ekoturizm və təbii irsin qorunması layihələrinin təşviqi:
Laçın rayonunun su hövzələri, bulaqları və dağ-meşə ekosistemi ekoturizm potensialına malikdir. Rayonun bərpa edilmiş su mənbələri ətrafında təbiət yürüşləri, maarifləndirici ekoturlar və kənd qonaq evləri şəbəkəsinin yaradılması həm su resurslarının səmərəli istifadəsinə, həm də əhalinin məşğulluğuna töhfə verə bilər.

Təkliflər “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Laçın rayonunda su təhlükəsizliyi” adlı layihə çərçivəsində hazırlanıb.