Klinik müayinələr zamanı insan alveri qurbanlarının erkən aşkarlanması mexanizmləri müzakirə olunub

17 dekabr 2025-ci il tarixində Bakı şəhərində İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Klinik müayinələr zamanı insan alveri qurbanlarının erkən aşkarlanması mexanizmləri” mövzusunda maraqlı tərəflərin iştirakı ilə görüş keçirilib. Tədbir Azərbaycan səhiyyə sahəsində beynəlxalq proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası tərəfindən təşkil olunub.
Görüşdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun, Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Sosial Xidmətlər Agentliyi nəzdində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Dövlət Miqrasiya Xidmətinin, eləcə də digər aidiyyəti dövlət qurumlarının nümayəndələri, səhiyyə və sosial sahə üzrə mütəxəssislər, vətəndaş cəmiyyəti institutları və digər maraqlı tərəflər iştirak ediblər.
Tədbirin əsas məqsədi İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsü ilə klinik müayinələr zamanı insan alveri qurbanlarının aşkarlanması üzrə diaqnostika və istiqamətləndirmə modelinin müzakirəsi, qurbanların müəyyən edilməsində yeni yanaşmaların formalaşdırılması, həmçinin bu sahədə fəaliyyət göstərən qurumların mövcud problemlərə dair baxış bucağının genişləndirilməsi olub. Eyni zamanda, İİV/QİÇS-lə mübarizə sahəsində mövcud epidemioloji vəziyyətin qiymətləndirilməsi, səhiyyə və hüquq-mühafizə qurumları arasında institusional əməkdaşlığın gücləndirilməsi və beynəlxalq təcrübələrin müzakirəsi tədbirin əsas istiqamətləri sırasında yer alıb.
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova çıxış edərək klinik müayinələr zamanı insan alveri qurbanlarının erkən aşkarlanmasının əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, səhiyyə müəssisələrində çalışan tibb işçiləri insan alveri qurbanları ilə ilkin təmas nöqtəsi kimi mühüm rol oynayır və bu prosesdə düzgün diaqnostik yanaşmaların tətbiqi, davranış və sağlamlıqla bağlı risk göstəricilərinin tanınması olduqca vacibdir.
Çıxışda həmçinin qeyd olunub ki, insan alveri qurbanları çox zaman fiziki və psixoloji travmalarla səhiyyə müəssisələrinə müraciət etdiklərindən, tibb personalının müvafiq bilik və bacarıqlarla təmin edilməsi, qurbanların təhlükəsizliyinin və məxfiliyinin qorunması, eləcə də onlara qarşı həssas və travmaya yönümlü yanaşmanın tətbiqi böyük əhəmiyyət kəsb edir. Mehriban Zeynalova Koalisiyanın təşəbbüsü ilə qurbanların aidiyyəti dövlət qurumlarına, sosial və hüquqi dəstək xidmətlərinə operativ və düzgün istiqamətləndirilməsi mexanizmlərini təqdim edib, səhiyyə sektoru, hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti institutları arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova İİV/QİÇS-lə mübarizə sahəsində görülmüş işlər, profilaktik tədbirlər və ölkədə mövcud epidemioloji vəziyyət barədə təqdimatla çıxış edib. Təqdimatda erkən diaqnostikanın əhəmiyyəti, müalicəyə çıxış imkanlarının genişləndirilməsi və risk qrupları ilə aparılan məqsədyönlü fəaliyyətlər xüsusi olaraq qeyd olunub.
Tədbirdə həmçinin Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsinin əməkdaşı Emin Əsədov insan alveri qurbanlarının aşkarlanması sahəsində mövcud yeni tendensiyalar və çağırışlar barədə məlumat verib, sahələrarası əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüş interaktiv müzakirə və sual-cavab formatında davam edib. İştirakçılar İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüslərinin genişləndirilməsinin, praktik mexanizmlərin təkmilləşdirilməsinin və davamlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Sonda qeyd olunub ki, İİV/QİÇS və insan alverinə qarşı mübarizə yalnız institusional tədbirlərlə məhdudlaşmamalı, bu sahədə mövzunun davamlı şəkildə aktuallaşdırılması və sistemli əməkdaşlıq dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlar arasında sıx koordinasiya əsasında həyata keçirilməlidir. Bu baxımdan İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Aznews.az