Abşeron Milli Parkı üçün ekoturizm modeli - QHT sədrinin mövqeyi

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: "Çoxsaylı tikililər, avtomobil axını və turist sıxlığı ekosistemə zərər verə bilər"

- Akif bəy, Abşeron Milli Park öz gəlirləri hesabına inkişaf edə bilərmi?

- Abşeron Milli Parkının əsas üstünlüyü onun Bakıya yaxınlığı, Xəzər sahilində yerləşməsi və nadir fauna və flora növlərinə malik olmasıdır. Parkda qayıq gəzintisi, paratrayk, velosiped, elektroskuter, piknik və digər xidmətlər müəyyən gəlir yaratmaq potensialına malikdir. Lakin parkın tam özünümaliyyələşən quruma çevrilməsi hələlik real deyil. Təbiətin qorunması, elmi tədqiqat və biomüxtəlifliyin mühafizəsi kimi əsas xərclər dövlət tərəfindən qarşılanmalıdır. Daha məqsədəuyğun model turizm gəlirlərinin xidmət və infrastruktur xərclərinin getdikcə daha böyük hissəsini ödəməsidir.

- Sizcə, ekoturizm yerli iqtisadiyyata hansı faydaları verə bilər?

- Ekoturizmin inkişafı parkın ətrafında yeni iş və gəlir imkanları yarada bilər. Bələdçi xidmətləri, nəqliyyat, iaşə, velosiped və digər avadanlıqların icarəsi, suvenir satışı kimi sahələrdə yerli əhali üçün yeni imkanlar formalaşa bilər. Turistlərin park ərazisində və ətrafında daha çox vaxt keçirməsi yerli sahibkarların gəlirlərini də artıra bilər. Xüsusilə quş müşahidəsi, təbiət fotoqrafiyası, ekoloji təlimlər və xüsusi marşrutlar həm yerli, həm də xarici turistlər üçün cəlbedici ekoturizm məhsullarına çevrilə bilər.

- Parkın turizm xidmətlərində hansı imkanlar hələ istifadə olunmur?

- Hazırda əsas imkanlardan biri turistlərin parkda daha uzun müddət qalmasını təmin edən xidmətlərin genişləndirilməsidir. Ekoloji düşərgələr, glampinq, müşahidə məntəqələri, xüsusi qayıq marşrutları, peşəkar foto-turlar, quş müşahidəsi və uşaqlar üçün maarifləndirici proqramlar yaradıla bilər. Burada məqsəd sadəcə turist sayını artırmaq deyil, hər turistdən əldə olunan gəliri yüksəltmək olmalıdır. Bununla yanaşı, kommersiyalaşdırma təbiətin qorunması hesabına aparılmalıdır. Çoxsaylı tikililər, avtomobil axını və turist sıxlığı ekosistemə zərər verə bilər. Buna görə Abşeron Milli Parkı üçün ən uyğun model kütləvi turizmdən çox, təbiətə minimum təsir göstərən və yüksək əlavə dəyər yaradan ekoturizm modelidir.

Qeyd: Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Abşeron Milli Parkında ekoloji təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində hazırlanıb.