Türkiyənin NATO ilə yolları ayrılacaqmı? Ekspertlərdən maraqlı şərhlər Türkiyənin NATO ilə yolları ayrılacaqmı? Ekspertlərdən maraqlı şərhlər
  • Tribuna
  • 20 İyul 2019 09:53
  •  4 383

“Əslində Türkiyənin aldığı S-400 raketləri NATO-nun gücünü artırır”

Türkiyənin NATO ilə yolları ayrılacaqmı? Ekspertlərdən maraqlı şərhlər

Deyəsən Türkiyə məsələsində ABŞ prezidenti Donald Trampın Amerika Konqresinə qalib gələ bilməyəcəyi barədə təxminlər özünü doğruldacaq. Hər halda son gəlişmələr belə pessimist qənaətə gəlməyə sövq edir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyada Böyük 20-lərin zirvəsi çərçivəsində amerikalı həmkarı ilə görüşdən çox məmnun ayrılmışdı. Bundan sonra Ankara Rusiyadan aldığı S-400 raketlərinin ölkəyə daşınması istiqamətində sürətli addımlarını atdı. Lakin Avropa İttifaqı başqa bəhanələrlə Türkiyəyə qarşı sanksiya qərarları qəbul etdi ki, bunun ardınca ABŞ-dan da təhdidlər gəlməkdədir.

Yeri gəlmişkən, ABŞ prezidenti Türkiyəyə sanksiyaların tətbiqi ilə bağlı eyni gündə iki fərqli açıqlama verib. O, ilk açıqlamasında sanksiyaların tətbiqini düşünmədiyini deyib. İkinci açıqlamasında isə Türkiyə mövzusunda Barak Obama administrasiyasının səhv etdiyini vurğulayan Ağ Evin başçısı “Çox çətin bir vəziyyətdir. İndi nə edə biləcəyimizə baxırıq. Hələ qərarımızı elan etmədik” söyləyib.

ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarmaq üçün düyməni basmasının ardınca prezident Donald Tramp üzərində təzyiq artır. Bu barədə Publika.az-ın yaydığı məlumatda deyilir. Bildirilir ki, respublikaçı senatorlar Ankaraya qarşı sanksiyaları tətbiq etməyə çağırıblar. Məlumata görə, Florida ştatından olan senator Risk Skott və İndiana ştatından olan Todd Youngin Türkiyəyə qarşı sanksiyaların tətbiqini nəzərdə turan qanun layihəsini Senata təqdim ediblər. Qanun layihəsində Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ABŞ-ın təhlükəsizlik maraqlarına “birbaşa və dəhşətli bir təhdid” olaraq xarakterizə edilir.

Qanunvericilər Tramp administrasiyanı “Sanksiyalar Yolu İlə Amerikanın Düşmənləri ilə Mübarizə” (CAATSA) qanunu çərçivəsində sanksiyaları tam tətbiq etməyə çağırıblar. Həmçinin Rusiyanın ABŞ-a təşkil etdiyi təhdidin müzakirə edilməsi və Türkiyənin NATO-ya üzvlüyü üzərində düşünülməsi üçün NATO-nun toplantının keçirilməsi çağırışı qanun layihəsində yer alıb.

Bundan başqa, Senat Xarici Əlaqələr Komitəsinin demokrat üzvlərindən Bob Menendez Türkiyənin F-35 proqramından çıxarılmasının kifayət etmədiyini bildirib. Senator prezident Trampın CAATSA çərçivəsində Türkiyəyə sanksiyalar tətbiq etməyəcəyi halda Senata Vaşinqton rəhbərliyini buna məcbur edən qanun layihəsi təqdim edəcəyini söyləyib. CAATSA ABŞ prezidentindən 12 sanksiyadan beşini seçməyi tələb edir. Bunlara vizaların məhdudlaşdırılması, ABŞ-da yerləşən İxrac-İdxal Bankına girişin qadağan edilməsi, ABŞ maliyyə sistemi ilə əməliyyatların qadağan edilməsi və ixracat lisenziyalarının ləğvi kimi sanksiyalar daxildir. Lakin bu qanunda sanksiyaların tətbiqi üçün konkret cədvəl nəzərdə tutulmur. Yəni Tramp bu sanksiyaların müddətini gecikdirə bilər.

Bundan əvvəl Ağ Evi F-35 ilə bağlı rəsmi qərar verib. Qərara əsasən, Türkiyənin F-35 proqramına daxil edilməsi imkansız adlandırılıb. Buna səbəb kimi Türkiyənin Rusyadan S-400 zenit-raket komplekslərinin alınması göstərilib.

“Türkiyənin NATO-da iştirakı və NATO-nun Türkiyə ilə əməkdaşlığı ”F-35"lərdən daha dərin və əhatəlidir". Bunu isə NATO-nin baş katibi Yens Stoltenberq ABŞ-ın Türkiyəyə “F-35" qırıcıları verməsini qadağan etməsi haqqında qərarına münasibət bildirərkən açıqlayıb.

Göründüyü kimi, ABŞ və Aİ-nin təzyiqləri davam edir. Eyni zamanda NATO-nun Ankara ilə münasibətlərində fərqli çalarlar hiss olunmaqdadır. Belə olan durumda Türkiyənin Alyansla əməkdaşlığının perspektivləri sual doğurur.

Elxan Şahinoğlu: ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Türkiyənin Rusiyadan aldığı S-400 raket sistemi Türkiyənin NATO-dan çıxmasına dəlalət etməcəyək: “Tam əksinə, Türkiyə NATO-da qalmaqda israrlıdır. NATO-nun özünün də Türkiyəyə ehtiyacı var. Təsadüfi deyil ki, Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son çıxışında vurğuladı ki, əslində Türkiyənin aldığı S-400 raketləri NATO-nun gücünü artırır. Bəli, NATO-nun əsas dövlətlərindən biri Türkiyədir və Türkiyə güclüdürsə, NATO da güclüdür. NATO-nun Avrasiya bölgəsində Türkiyə kimi müttəfiqə ehtiyacı var. Mən düşünürəm ki, zaman keçdikcə, Qərbin Türkiyəyə təzyiqləri azalacaq. Belə baxanda NATO dövlətlərindən ancaq ABŞ Rusiya raketlərinin alınmasına etiraz edir. NATO-nun digər dövlətləri buna seyrçi mövqedən yanaşır. Bu da ondan xəbər verir ki, Türkiyə-NATO münasibətlərindəki əməkdaşlıq əvvəlki tempində davam edəcək”.

“Türkiyənin ənənəvi strateji müttəfiqlərindən, başda ABŞ olmaqla, NATO-dan bir qədər narazı qalmasının və bu qurumdan tədricən uzaqlaşmasının bir səbəbi var: hərbi anlamda onlardan bir şeylər əldə etməməsi”.

Bu fikirləri isə politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında söylədi. Ekspertin sözlərinə görə, NATO-nun ikinci ən böyük dövlətinin bir çox məsələlərdə məsafədə tutulması onu narazı salmaya bilməzdi: “Xüsusən Türkiyənin terrora qarşı, Yaxın Şərqdə öz təhlükəsizliyini qorumaq tədbirlərində NATO-dan və Amerikadan yetərli dəstəyi almaq bir yana - bu, həm də onun strateji haqqı idi - üstəlik, ona qarşı haqsızlıqlar edilməkdə idi. Bu da Türkiyəni başqa bir tərəfdə özünə tərəfdar axtarmağa sövq edəcəkdi. Nəhayətdə onu S-400 almaq üçün Rusiyanın qapılarına kim sövq etdi. Tramp etiraf edir ki, Obama yönətimi ona hava müdafiə silahlarını verməkdən imtina etdi. Belə olan təqdirdə Türkiyə nə etməli idi? İndi F-35 proqramından çıxarılır. Türkiyə belə silahlar əldə etmək üçün alternativlər axtarmalı deyilmi? Türkiyənin yerləşdiyi region, strateji mövqe onu hər zaman güclü olmaq məcburiyyətində buraxır”.

Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Q.Çaxmaqlı baş verənləri sərf-nəzər etməyi zəruri sayır: “Son zamanlarda Türkiyəyə qarşı yönələn siyasi proseslərə baxsaq aydın olar ki, qardaş ölkə hədəfə alınmışdır. Avropa İttifaqı heç bir əsas olmadan sanksiya qərarı verir. İttifaq öz açıqlamalarında Türk xalqının heç bir haqqını tanımır, neft və qaz axtarışları ilə məşğul olan Türkiyənin Şimali Kiprə qarant olan bir dövlət kimi heç bir haqqının olmadığı iddiasını irəli sürür. Artıq sanksiyalar barədə qərar qəbul edilib. ABŞ isə S-400-ə görə sanksiyalar tətbiq edəcəyi barədə təhdidlər irəli sürür. Bütün bunların olacağını bilən Türkiyə həmin sanksiyalarının heç bir təsiredici gücü olmadığını bildirir”.

Bəs Qərb sanksiyalardan əlavə, Türkiyəyə daha nələr edə bilər? Q.Çaxmaqlı təhlükəli ehtimaldan bəhs etdi: “Terror. Artıq bunun ilk siqnalları görünməkdədir. Ərbildə bir restoranda türk diplomatlara qarşı edilən hücum ola bilsin ki, bu terrorun birincisi və ya sonuncusu olmasın. Amerika Suriyada PKK ilə birlikdə Türkiyənin mövqelərini zəiflətmək üçün addımlar ata bilər. Başqa çox şeylər edilə bilər. Amma Türkiyə bu, dik duruşunu davam etdirməlidir. Çünki həm Aralıq dənizində, həm digər yerlərdə Türkiyənin atdığı addımlar milli maraqlardan qaynaqlanır. Təsadüfi deyil ki, hər addımda iqtidarı tənqid edən müxalifət də bu məsələdə iqtidara dəstək verir. Türkiyəyə qarşı bu təhdidlər məncə, 2020-nin aprelinə qədər davam edəcək, S-400-lərin tam yerləşdirilməsinə qədər. Amma Türkiyə bu basqılara əhəmiyyət vermədən siyasətini davam etdirəcək”. (Musavat.com)