- Tribuna
- 30 İyul 2019 15:27
- 12 635
Bunun da adı “Allahqulu” çıxdı - İttifaq Mirzəbəylidən sensasion yazı
"Tərifləyə-tərifləyə professor oldunuz"
“Jurnalistikanın etik qaydaları”nda dönüklük, ikiüzlülük də yolverilməz sayılırmı, Qulu Məhərrəmli?
Yaxud professorun jurnalistləri ev iti adlandırması nə dərəcədə etikdir?
Professor Qulu Məhərrəmli israr edir ki, bugünkü Azərbaycan mətbuatı böhran vəziyyətindədir və ona görə də o, artıq bizim üçün ictimai, sosial dəyər daşıya bilməz.
Yəni bu boyda qocaman jurnalist Azərbaycan mətbuatını bircə dəqiqənin içərisində əlini sildiyi “salfetka” kimi yararsız hesab edib kənara tullayır. Görünür mətbuat onu çıxdaş edib kənara tulladığına görə bu qədər əsəbi şəkildə qisas almaq eşqinə düşüb.
Əvvəla, mətbuat jurnalistin döyülərək maşının yük yerinə basıldığı günlərdə böhran vəziyyətində idi.
Mətbuat dövlət məmurunun televiziyanın canlı yayımına basqın etdiyi zaman böhran vəziyyətində idi.
Mətbuat redaksiyaların “Azərbaycan” nəşriyyatına olan borclarına görə qəzetlərin çıxa bilmədiyi günlərdə böhran vəziyyətində idi, Qulu Məhərrəmli!
Mən bilən, o illəri siz daha yaxşı xatırlamalısınız. Həmin illərdə siz o qədər məmnun idiniz ki, teleşirkətin həyətində gəzəndə gözünüz xırda-para adamları görmürdü. O zaman mən dövlət radiosunun Xəbərlər Baş Redaksiyasında çalışırdım. Baş redaktorumuz Heydər Zeynaloğlunun 50 yaşı münasibətilə rəsmi qəzetlərin birində verdiyim məqaləyə görə mənə şirkətin çayxanasında -- camaat arasında irad tutmuşdunuz ki, o nə yazıdır Heydər haqqında yazmısan? O zaman mətbuatın sizə verdiyi imtiyazlar o qədər irihəcmli idi ki, siz Heydərin gözəl insan və dəyərli jurnalist olduğunu görə bilmək iqtidarında deyildiniz. İndi deyirsiniz ki, böhran…
İkinci, necə oldu ki, siz – Azərbaycan mətbuatının bütün imtiyazlarından kifayət qədər bəhrələnən Qulu Məhərrəmli uzun illər boyu daim öndə olduğunuz illərdə bu “böhran” məsələsini sezmədiniz? İndi kənara atılandan sonra böhranı görürsünüz. Siz gizlədə bilməzsiniz ki, müstəqillik dövrü mətbuatımızdan ən yüksək səviyyədə bəhrələnən azsaylı həmkarlarımızdansınız.
Mən demirəm ki, indi mətbuatda hamı aydan arı – sudan durudur. Bəli, bu gün Azərbaycan mətbuatında savadsız, qabiliyyətsiz, məsuliyyətsiz, heç nəyə yaramayan hər cür adam var. Amma, həmin adamlar ümumilikdə mətbuatı böhrana sürükləyəcək gücdə deyil axı. Bundan başqa, mətbuat işçilərinin hamısının peyğəmbər övladı kimi saf, təmiz olduğu ölkəni də kimsə tanımır. Ona görə də, özümüz özümüzə eybəcər, çirkin deməklə heç nəyə nail ola bilməyəcəyik, hörmətli professor!
Üçüncü, yazırsınız ki, bu gün Azərbaycanda mətbuat öz funksiyasından başqa hər şeylə məşğuldur. Bəli, tamamilə haqlısınız. Çünki feysbukda paylaşdığınız dörd nəfər jurnalistin foto-şəklinə baxmısınız və həmin foto sübut edir ki, həqiqətən düz deyirsiniz, hər şeylə məşğulsunuz.
Dördüncü, yazırsınız ki, bu cür keyfiyyətsiz mətbuat, keyfiyyətsiz cəmiyyətdə meydana çıxır. Ay Allahqulu müəllim (hörmətli oxucu bilsin deyə yada salıram ki, 20 yaşınıza qədər sizin adınız Allahqulu olub), bəs necə oldu ki, sizin kimi hörmətli professor uzun illər bu keyfiyyətsiz və əxlaqsız ( ikinci ifadə də sizə məxsusdur) cəmiyyəti vəsf etdiniz, təriflədiniz və tərifləyə-tərifləyə professor oldunuz?
Beşinci, bu ifadə də sizə məxsusdur: “İndi onlar əməlli-başlı ev iti olublar. Yağlanıblar, piyləniblər, sayıqlıqlarını itiriblər, ona görə də artıq hürmürlər, daha doğrusu hürə bilmirlər”. Jurnalist həmkarlarınız haqqında belə demisiniz. Arzu etmirəm ki, həmkarlarınız da sizin həddən artıq piyləndiyinizi üzünüzə vursunlar.
Və nəhayət, düşünürəm ki, Allah sözündən imtina edən adamın milli mətbuatdan da imtina etməsi bir udum su içmək kimi asan məsələdir.
Qərəz… köhnə tanışlar və yaşıd həmkarlar ( məndən ən çoxu yaş yarım cavan olarsınız) olduğumuza görə çox da dərinə getməsək yaxşıdır. Sonra həqiqətən böhranlı vəziyyət yaranar.
Hörmətlə: Köhnə iş yoldaşınız, daimi həmkarınız İttifaq Mirzəbəyli