Onun siyasi iddiasını təmin edə biləcəyi yeganə məkan Facebook-dur Onun siyasi iddiasını təmin edə biləcəyi yeganə məkan Facebook-dur
  • Tribuna
  • 6 Avqust 2019 09:33
  •  3 711

Kərimlini AXCP-nin klaviaturasının lideri kimi təqdim etmək olar - Elçin Mirzəbəyli

Onun siyasi iddiasını təmin edə biləcəyi yeganə məkan Facebook-dur

AXCP lideri Əli Kərimli partiyasına adam axtarır. Onun son olaraq, öz feysbuq səhifəsində paylaşdığı status bunu deməyə əsas verir. Partiya sədri hər kəsi rəhbəri olduğu təşkilata üzv olmağa çağırıb, bunun üçün hətta pafoslu cümlələr işlədib, statusunun ilk rəyində üzvlük anketini yerləşdirib.

Ə.Kərimlinin statusu geniş müzakirələr doğurub. Bu da səbəbsiz deyil. Doğrudur, hər bir partiya rəhbərinin hər kəsi təşkilatına üzv olmaq üçün çağırış etmək hüququ var. Amma Kərimlidə vəziyyət tamam fərqlidir. Statusda açıq şəkildə şişirdilmiş statiskalar diqqət çəkir. O, AXCP-nin ölkənin ən yaxşı təşkilatlanmış partiya olduğunu qeyd edir, 70-dən çox rayonda mindən artıq dayaq dəstələrinin olduğunu bildirir, hər ay yüzlərlə vətəndaşın partiyasına qoşulduğunu söyləyir, status paylaşımını daha da çox olmaları ilə əlaqələndirir. Bu da haqlı olaraq bir sualı meydana çıxarır.

Əgər bu qədər AXCP-nin üzvü varsa, yaxud hər ay yüzlərlə üzv qəbul olunursa, nə üçün partiya icazəli mitinqlərə bir neçə təşkilatla birlikdə ən yaxşı halda 2-3 min iştirakçı çıxarır?

Qeyd edək ki, Ə.Kərimlinin rəhbəri olduğu AXCP 18 ildir fəaliyyət göstərir. Mərhum prezident Əbülfəz Elçibəyin rəhbərlik etdiyi AXCP onun 2000-ci ildə ölümündən sonra bir neçə hissəyə parçalanmış və qanadlardan birinə bu günə qədər Ə.Kərimli rəhbərlik edir. Onun ciddi bir uğur qazandığını söyləmək çox çətindir. Ən yaxşı halda müxalifət daxilindəki birincilik yarışında ön sıralarda olmağı bacarıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli Ə.Kərimlinin AXCP-nin heç bir qanadına rəhbərlik etmədiyini söylədi: “Əli Kərimli çox güman ki, sosial şəbəkələrdə, əksər hallarda xaricdən idarə olunan səhifələrdəki trollarını nəzərdə tutur. Qeyd edək ki, hazırda trolların klonlaşdırılması ilə bağlı xüsusi proqramlar var. Bu robot-proqramların vasitəsilə bir neçə dəqiqənin içərisində yüzlərlə profil açmaq, hədəfə alınan regionun xüsusiyyətlərinə və reallıqlarına uyğun virtual “vətəndaşlar” yaratmaq mümkündür. Belə proqramlardan əsasən ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları istifadə edirlər. O ki qaldı Əli Kərimlinin siyasi biznes strukturunun insan potensialına, belə potensial nəinki yoxdur, heç olması da mümkün deyil. Hətta hansısa narazı insanların bu və ya digər şəkildə öz ürəklərini boşaltmaq üçün Kərimlinin pafoslu, arqumentdən uzaq emosional boşboğazlıqlarına münasibət bildirməsi mümkündür. Amma bu anlama gəlmir ki, həmin şəxslər onu bir siyasətçi kimi qəbul edirlər. Həmin şəxslər narazılıqların dilə gətirildiyi istənilən virtual məkanda aktivdirlər. Onlar üçün fərqi yoxdur Əli olsun, Məmməd olsun, yaxud Fatmanisə, ya da Tükəzban... Mən daha öncə klonlaşdırma proqramlarından söz açdım. Düşünürəm ki, bu artıq öz ömrünü başa vurmuş və hətta Yaxın Şərqdə, Aralıq dənizi hövzəsində belə effektivliyini itirmiş siyasi texnologiyadır. Əli Kərimlinin feysbuq partiyası yalnız virtual məkanda keçirilən “aksiyalar”da görünə bilər. Tövsiyə edərdim ki, Mark Zukerberqə müraciət edib “partiyasını” qeydə aldırsın. Çünki onun siyasi iddiasını təmin edə biləcəyi yeganə məkan Facebook-dur. Kərimli AXCP-nin heç bir qanadına rəhbərlik eləmir. Əgər qanadı olsaydı öz potensialını dəfələrlə üstələyən hikkəsi ilə hətta tək qanadla da uçmağa cəhd göstərərdi. Kərimli olsa-olsa AXCP-nin lələyinə rəhbərlik edə bilər. Bir az da müasir informasiya və kommunikasiya texnologiyaları nəzərə alsaq, Kərimlini AXCP-nin klaviaturasının lideri kimi təqdim etmək mümkündür”. (Musavat.com)