“Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyədə və Milli Hərbi Akademiyada təhsil almış kadrlarla gücləndirilməlidir” “Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyədə və Milli Hərbi Akademiyada təhsil almış kadrlarla gücləndirilməlidir”
  • Tribuna
  • 7 Avqust 2019 11:58
  •  5 463

Paşinyana belə bir açıqlama ilə çıxış etməyi tapşırıblar - Qüdrət Həsənquliyev

“Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyədə və Milli Hərbi Akademiyada təhsil almış kadrlarla gücləndirilməlidir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair son bəyanatına münasibət bildirib.

Rusiyanın Qərblə qarşıdurma vəziyyətində olduğunu xatırladan BAXCP sədri qeyd edib ki, Rusiyada hakimiyyət daxilindəki Qərbə bağlı qüvvələr demokratik qüvvələrə dəstək verməklə ölkə daxilində vəziyyəti gərginləşdirmək, Putini küncə sıxıb geri çəkilməyə məcbur etmək istəyirlər: “Belə bir vəziyyətdə Azərbaycanla Ermənistan arasında qanlı savaşın başlaması Putini daha pis vəziyyətə sala bilərdi. Həm də Azərbaycanda hakimiyyət daxilində kriminallaşmış, daha böyük səlahiyyətlər üçün alışıb yanan güclərə dəstək olmaqla sürətli inkişafa yol açacaq islahatların dayandırılmasını təmin edərdi. Ona görə də həm Qərbdəki ermənipərəst qüvvələr, həm də onların Rusiya hakimiyyətindəki əlaltıları Paşinyana belə bir açıqlama ilə çıxış etməyi tapşırıblar. Onlar düşünürlər ki, bu açıqlamadan sonra Azərbaycan heç nə etməyib yenə danışıqlardan danışsa hakimiyyətin nüfuzuna xalq arasında ciddi zərbə dəyəcək. Bundan sonra isə payızda ölkədə sabitliyi pozmaq üçün ciddi zəmin yaranacaq”.

İqtidarın indiki durumda nə etməli olduğu barədə suala Qüdrət Həsənquliyev belə cavab verib: “Həmişə dediyim kimi yenə təkrar edirəm. Biz Putinlə təcili danışıqlara başlamalıyıq. Onu inandırmalıyıq ki, Rusiyanın bölgədə mövcudluğunu qoruması üçün bu münaqişəni saxlamaq lazım deyil. Bu münaqişə Rusiya üçün də təhlükə yaradır. Biz Rusiyanın bölgədə öz mövcudluğunu saxlaması üçün onun liderliyi ilə yaradılmış regional təşkilatlara qoşula, ikitərəfli müqavilələr bağlaya bilərik. Əgər Putin ciddi qərarlar qəbul edə bilməyəcəksə onda iqtidar xalqla açıq danışmalı, Rusiya ilə münasibətlərə yenidən baxmalı və peşəkar ordu quruculuğu istiqamətində vacib qərarlar qəbul etməlidir”.

“Ordu quruculuğu istiqamətində hansı addımların atılmasını vacib hesab edirsiniz?” sualını cavablandıran BAXCP sədrinin qənaətinə görə, ilk növbədə müdafiə naziri mülki, yüksək intellektə malik, təcrübəli və siyasi baxımdan hazırlıqlı şəxs olmalıdır:

“Ən azı 30 min nəfərlik, dağlıq ərazidə döyüşməyi bacaran peşəkar ordu birləşmələri yaradılmalıdır. Cənubi Azərbaycandan,Türkiyədən, Pakistandan, Əfqanıstandan ehtiyatda olan, hərbi əməliyyatlarda iştirak etmiş zabitlər və hərbçilər müqavilə əsasında orduya cəlb olunmalıdır. Müddətli hərbi xidmətə çağırış 6 aya endirilməlidir. Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyədə və Milli Hərbi Akademiyada təhsil almış kadrlarla gücləndirilməlidir. Bununla yanaşı, paralel olaraq Azadlıq savaşı başlayana qədər cəbhə xəttində hər gün işğalçıları öldürməyə çalışmalıyıq. Xalqı sülhə yox, torpaqlarımızın azadlığı və milli şərəfimiz üçün ölüm-qalım savaşına hazırlamalıyıq”.

AzNews.az