Bakı mühüm layihələrdə bəzən müxtəlif ölkələrin qeyri-adekvat siyasəti ilə qarşılaşır - Zaur Məmmədov

"Buna baxmayaraq, meqalayihələri reallaşdırmağı bacarırıq"

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması ilə bağlı danışarkən altı ayda görülən işlərin təqdirəlayiq olduğunu və tarixi layihənin icrasının sona yaxınlaşdığını deyərək ciddi bir məqama toxunub: "İqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun".

Mövzunu Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədovla davam etdirdik.

O, AzNews.az-a açıqlamasında bildirdi ki, Cənub Qaz Dəhlizinin reallaşdırılması Azərbaycanın əlavə gəlirinin artacağı deməkdir.

"Prezident İlham Əliyev öz çıxışında iqtisadi artımlar üçün yeni mənbələrin vacibliyinin bildirdi. Burada söhbət həm enerji, həm də qeyri-enerji sahəsindən gedir: Azərbaycanın kənd təsərrüfatının müxtəlif sahələrində apardığı işlər göz önündədir. Son 2-3 il ərzində kənd təsərrüfatı, eyni zamanda qeyri-neft sektorundan əldə olunan gəlirlər artmaqdadır. Bunun da əsas səbəbi odur ki, Azərbaycan gələcəkdə təkcə enerji layihələrindən deyil, qeyri-enerji, turizm, elmi-tərəqqi sahələrindən də gəlir əldə etmək niyyətindədir. Ümumiyyətlə yaxşı məlumdur ki, rəsmi Bakı mühüm iqtisadi, mədəni, siyasi layihələrdə bəzən müxtəlif ölkələrin qeyri-adekvat siyasəti ilə qarşılaşır. Ancaq buna baxmayaraq, meqalayihələri reallaşdırmağı bacarır. Cənub Qaz Dəhlizinin reallaşdırılması o deməkdir ki, Azərbaycanın əlavə gəliri artacaq. Bu, əhalinin sosial rifahının, iqtisadi potensialın yaxşılaşmasına gətirib çıxaracaq ən əsas amillərdəndir. Sözügedən layihələr həmçinin çox böyük siyasi əhəmiyyətə malikdir. Azərbaycan məhz bunun hesabına regionda öz liderlik mövqeyini daha da gücləndirir. TANAP, Bakı-Tiflis-Qars layihəsi artıq reallaşıb və qarşıdakı ildə TAP layihəsinin həyata keçirilməsini gözləyirik".

Politoloq aparılan iqtisadi siyasətin nəticəsində təkcə bu il iki böyük sosial paketin reallaşdırıldığını vurğuladı.

"Birinci paket 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artırılması, mühüm sosial məsələlərin həllinə 1.6 milyard manatın yönəldilmısini nəzərdə tutmuş və icra olunub. İkinci paketin icrası ilə bağlı hazırlıq işləri tamamlanmış, sentyabrın 1-dən minimal əmək haqqının 250 manata çatdırılması, əlavə olaraq 400 min nəfərin maaşının 20-50 faiz artırılması, 750 min pensiyaçıya verilən vəsaitin oktyabrın 1-dən yüksəldilməsi nəzərdə tutulub".

Pərvanə Ağazadə

AzNews.az