Əfqanıstan bu gün - 1919-cu ildə Böyük Britaniyadan müstəqillik alıb Əfqanıstan bu gün - 1919-cu ildə Böyük Britaniyadan müstəqillik alıb
  • Tribuna
  • 19 Avqust 2019 11:49
  •  7 302

ABŞ qan damarının üstündə əyləşən vampir rolundadır - Əziz Əlibəyli

Əfqanıstan bu gün - 1919-cu ildə Böyük Britaniyadan müstəqillik alıb

1919-cu ildə baş vermiş üçüncü ingilis-əfqan müharibəsinin ardınca Əfqanıstan xarici təsirdən azad oldu və Əmənullah xanın rəhbərliyi altında monarxiya quruldu. O gündən indiyədək bu ölkə sanki döyüş poliqonuna çevrilib. Elə indinin özündə də "Taliban" hərəkatı yerli xalqlara rahatlıq vermir.

Mövzunu beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli ilə davam etdirdik.

O, AzNews.az-a açıqlamasında Əfqanıstana müdaxilə edən istənilən gücün oranı tədqiq etməli olduğunu bildirdi:

"Əfqanıstandan söz düşəndə dünya siyasi ədəbiyyatından yalnız bir ifadə yada düşür: İmperatorluqlar qəbiristanlığı. Ona görə də Əfqanıstana müdaxilə edən istənilən güc oranı tədqiq etməlidir ki, bu xarici işğal güclərini orda hansı sürprizlər gözləyir. Tarix Əfqanıstanda İslamın müəyyən təriqətlərinin, moğolların, ingilislərin, teymurilərin, rusların, farsların süqutunun şahidi oldu. Amma indi dünyanın siyasi xəritəsinin - ən son dünya nizamının formalaşması prosesini analiz edəndə son 30 ildə Əfqanıstanda baş verən prosesləri mütləq nəzərə almaq lazımdır. Hazırda ölkədə ABŞ işğalı ilə qurulan hakimiyyət davam etsə də, hər an partlayış baş verə bilər".

Şərhçi ABŞ-ın Əfqanıstanda olduğu son 20 ilə yaxın müddətdə heç bir uğur qazana bilmədiyini vurğuladı:

"ABŞ əfqanlarla dil tapmağı bacarmadı. O zaman bu suala cavab vermək lazımdır ki, ABŞ-a bu müddətdə 4 min əsgərini itirmək və bu qədər ciddi itkilərə məruz qalmaq lazım idimi? Bu sualın cavabı isə birbaşa siyasi coğrafiya – geopolitika elmində gizlənir. ABŞ o bölgəyə - Əkiz Qüllələrin terror aktı ilə uçurdulmasını bəhanə edərək daxil oldu. Beləliklə, dünyanın son bölüşdürülməsi prosesində yerini ala bildi. Eyni zamanda ən güclü rəqibləri ilə birbaşa təmas – sərhəd əldə edə bildi. Belə ki, Əfqanıstanın Çin, İran, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanla sərhədi var".

Ə. Əlibəyli hər bir ölkə ilə sərhədin ayrıca siyasi şifrələri olduğunu qeyd etdi:

"Belə demək mümkünsə, ABŞ qan damarının üstündə əyləşən vampir rolundadır. İkinci səbəb isə Əfqanıstanın narkotik mənşəli bitkilərin vətəni və dünya narkotika qurşağının əsas ölkəsi olmasıdır.

Qara maliyyə axını ilə bu bölgədə yüz milyardlarla dollar dövr edir. Ona görə, bu gün bölgədə ABŞ olmasa, mütləq əhəmiyyətinə görə burada özünün olmasını vacib sayan bir güc ortaya çıxacaq".

Pərvanə

AzNews.az