Xoş gününüz mübarək, əziz həmkarlar! Xoş gününüz mübarək, əziz həmkarlar!
  • Tribuna
  • 30 Avqust 2019 15:15
  •  6 130

10 yaşınız 100 olsun! - Əflatun Amaşov modern.az-ı təbrik etdi

Xoş gününüz mübarək, əziz həmkarlar!

Bu gün Azərbaycanın internet media məkanının birincilərindən olan «Modern.az» saytının 10 yaşı tamam olur. Saytın başda Elşad Eyvazlı olmaqla kollektivini təbrik edirəm.

Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, «Modern.az» ictimai rəyə ağırlığını qoya bilmiş media orqanıdır:

"İnternet üzərindən yayımlanan kütləvi informasiya vasitələrinin bol olduğu hazırkı şəraitdə bunu bacarmaq sıradan məsələ deyil. 10 yaşlı sayt jurnalist peşəkarlığının həm müasir, həm də ənənəvi formalarının internet media üçün aktual olduğunu sübuta yetirmiş kütləvi informasiya vasitəsidir. Buna görə nümunədir və bu səbəbdəndir ki, onun oxucu auditoriyası istər genişliyi, istərsə də intellektual potensialı ilə seçilməkdədir".

Milli Məclisinin deputatı hesab edir ki, əməksevər insanların, öz işinin peşəkarlarının toplaşdığı «Modern.az» gənclərlə yanaşı, orta və yaşlı nəslin nümayəndələri üçün də cəlbedicidir:

"Mövzu seçimindəki rəngarənglik, yanaşma tərzindəki məxsusilik sayta populyarlıq qazandırıb. Ötən 10 ilin uğurunu şərtləndirən cəhət də budur. İnanıram ki, qarşıdakı müddətdə də «Modern.az» tutduğu dəst-xəttə, jurnalistika prinsiplərinə sadiqliyi ilə seçilərək daha da populyarlaşacaqdır.

Bir daha «Modern.az» saytının kollektivini ürəkdən təbrik edir, bu kollektivin hər bir üzvünə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, müvəffəqiyyətlər arzulayıram.

Xoş gününüz mübarək, əziz «Modern.az»çılar. 10 yaşınız 100 olsun!".

AzNews.az-ın kollektivi də Azərbaycan Mətbuat Şurasının sədrinin təbrikinə qoşularaq “Modern.az” xəbər portalında çalışan həmkarlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayır.

AzNews.az