- Tribuna
- 30 Avqust 2019 17:35
- 6 434
30 avqust Atatürkün başladığı qurtuluş savaşının simgəsidir - Qafar Çaxmaqlı
O, Anadolunu işğal edən bütün düşmənləri indiki Türkiyə ərazisindən geri püskürtdü
30 avqust Türkiyənin Zəfər bayramı kimi qeyd olunur. Bu bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər. Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başlayıb. Zəfər bayramı Türkiyə Cümhuriyyətinin milli bayramıdır. Hər il avqustun 30-da qeyd olunur. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən "Başkomutanlıq Meydan Müharibəsi"ni (Böyük Taarruz) anmaq üçün qutlanan bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir. Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub. Rəsmi olaraq Zəfər bayramı 1936-cı ilin may ayında elan olunub.
Mövzunu azərbaycanlı jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı ilə davam etdirdik.
O, AzNews.az-a açıqlamasında bildirdi ki, Türkiyə o zaman Osmanlı dövlətinin çöküşündən sonra çox ağır durumda idi, 6 ölkə Türkiyənin ərazilərini bölüşdürmüşdü:
"Mustafa Kamal Atatürk çox böyük qurtuluş savaşına başladı".
Qafar Çaxmaqlının fikrincə, 30 avqust bu zəfərin simgəsi hesab edilir:
"O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi ordu düşmənin qüvvələrini məğlub edərək, müstəqillik əldə edilməsi istiqamətində tarixi addım atdı. O, Anadolunu işğal edən bütün düşmənləri indiki Türkiyə ərazisindən geri püskürtdü. Türkiyənin bu qələbəsindən sonra bütün dünya artıq Türkiyənin varlığını qəbul etdi".
Azərbaycanlı jurnalist 1923-cü il iyulun 24-də imzalanan Lozanna müqaviləsi haqda da danışdı:
"Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi. Türkiyə bu qiymətli keçidlər üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış "Montrö" sazişi ilə geri ala bildi. Amma Lozannada həllini tapmayan nüanslar da oldu. İraqla Türkiyə sərhəddindəki Mosul vilayətinin statusunun qeyri-müəyyən qalması, Kipr məsələsində razılığın əldə edilməməsi, sonradan regionda ciddi münaqişələrin formalaşmasına gətirib çıxardı".
Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri sonda bildirdi ki, 1923-cü ilin 29 oktyabrında isə Türkiyə Cümhuriyyəti elan olundu. 2023-cü ildə bizə qardaş olan bu cümhuriyyətin 100 yaşı tamam olacaq".
Mehri Qurbanova
AzNews.az