- Tribuna
- 31 Avqust 2019 20:10
- 7 441
Tənqid, təhqir, yoxsa ....
Son günlər bəzi üzdəniraq kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsi, onun rəhbərliyi və ayrı-ayrı qurumları haqqında böhtan, həqiqətə uyğun olmayan məlumatlara əsaslanan yazılar yayımlanır
4-cü hakimiyyət adlandırılan medianın əsas fəaliyyət istiqaməti cəmiyyəti xəbərlə təmin etməklə yanaşı, həm də cəmiyyətin hərtərəfli inkişafı məqsədilə yazılar, reportajlar hazırlayaraq yayımlamaqdır. Lakin tənqidi yazının faktlar, dəlillər əsasında hazırlanması mütləqdir.
Zaman-zaman ölkə mediasında əksər qurumlar haqqında tənqidi yazılar yayımlanır və həmin qurumlar, o cümlədən ölkəmizin gömrük orqanları əsaslı tənqiddən nəticə çıxararaq problemlərin aradan qaldırılması istiqamətində zəruri bütün tədbirləri həyata keçirir.
Ancaq aparılan təhlillər göstərir ki, xüsusilə son günlərdə yayımlanan "yazı" larda irəli sürülən iddialar əksər hallarda hər hansı fakta söykənmir və gömrük xidmətinin, onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır. Bəzi hallarda isə tənqid məcrasından çıxaraq təhqirə çevrilir ki, həmin yazılarda gömrük əməkdaşlarının ünvanına , “azğın", “qudurmuş” kimi ifadələrin işlədilməsi buna sübutdur.
Hətta sırf gömrük xidmətinə qarşı qaralama kampaniyası aparmaq məqsədilə həmin "yazı"larda dövlət, dövlətçilik maraqlarına xələl yetirən fikirlər də yer almaqdadır. Aşağıdakı fikir və ifadələr özünü Azərbaycan Respublikasının əsgəri elan edən bir şəxsin rəhbərlik etdiyi media orqanında dövlətin strateji qurumu olan Dövlət Gömrük Komitəsini, onun rəhbərliyini və əməkdaşlarını qaralamaq məqsədilə yayımlanan “analitik” yazıdandır: “ Özünə hörmət edən hər hansı xarici şirkət Azərbaycanda öz nümayəndəliyini açmır və əsasən, bizim oliqarx-məmurlara məxsus yerli firmalara distrübitor təmsilçiliyi üçün lisenziya vermir. Ona görə də, dünya brendləri Azərbaycanda subdilerlər vasitəsilə işləmək variantını seçir. Başqa sözlə, heç kəs Azərbaycanla birbaşa ticarət aparmaq istəmir.”, “Azərbaycanda orta biznes sıradan çıxarılıb, kiçik biznes isə boğulmaq həddindədir.”, “Ölkənin Rusiya, İran və Gürcüstanla sərhəd bölgələrinin sakinləri isə ailələrini dolandırmaq və acından ölməməkdən ötrü”...
Dövlət Gömrük Komitəsini “tənqid” edən yazılarda yüzlərlə belə ifadələrə rast gəlmək olar ki, bu ifadələr ölkəmizə qarşı düşmən mövqedə olan dairələrin təbliğat kampaniyası üçün əlverişli vasitədir. Təəssüf ki, dövlət maraqlarına xələl gətirən bu ifadələri yayımlayan media qurumlarının "rəhbər" ləri və "yazı" müəllifləri dövlətin resurslarından hərtərəfli faydalananlardır.
Üstəlik Dövlət Gömrük Komitəsinin rəyinin, rəsmi mövqeyinin öyrənilməsinə və yayımlanmasına cəhd göstərilməməsi bu yazıların sifarişlə və məqsədli şəkildə hazırlanmasına sübutdur. Dünyanın ən mötəbər təşkilatlarından biri olan Ümumdünya Gömrük Təşkilatının Avropa regionuna rəhbərlik edən, qısa zamanda kölgə iqtisadiyyatının aradan qaldırılmasına nail olaraq 1.5 milyard manat əlavə vəsaiti toplayıb dövlət büdcəsinə ödəyən qurumun nailiyyətləri görünür həmin milyardları dövlət büdcəsindən gizlədən havadarlarınızı ciddi narahat etməkdədir. Dırnaqarası yazı müəllifləri, sizlərə müraciət edərək bildirirəm ki, umacağınız yer biz deyilik. Elə sifariş aldığınız yerdən umduğunuzla kifayətlənin.
Məlum yazılardan o da anlaşılır ki, “məqsəd”lərinə gedən yolda bu şəxslərə bütün vasitələrdən faydalanmaq-dövlət və dövlətçilik maraqlarına ziyan vurmaq, qanunlara etinasızlıq məqbuldur.
Unutmayaq ki, qanunlara məhəl qoymamaq, strateji dövlət qurumu və onun əməkdaşları haqqında təhqir, yalan xarakterli məlumat yayımlamaq həm də qanun qarşısında məsuliyyət yaradır.