“İqtisadi uğurların təməlində sosial siyasətin ardıcıl təminatı reallığı dayanır” “İqtisadi uğurların təməlində sosial siyasətin ardıcıl təminatı reallığı dayanır”
  • Tribuna
  • 2 Sentyabr 2019 14:36
  •  6 611

Bütün bunlar ölkəmizin sosial dövlət olmasının sübutudur

“İqtisadi uğurların təməlində sosial siyasətin ardıcıl təminatı reallığı dayanır”

"Azərbaycan prezidentinin 18 iyunda bəzi dövlət qurumlarının əməkdaşlarının minimum əmək haqqlarının artırılması ilə bağlı verdiyi sərəncamı bu aydan qüvvəyə minir. Bildiyimiz kimi, bu ilin əvvəlindən başlayaraq, Prezident İlham Əliyev yeni və inqilabi islahatlar paketinin icrasının başlandığını bəyan edib. Artıq ötən müddət ərzində Azərbaycan xalqının bütün təbəqələri əldə edilən uğur və nailiyyətləri görür və alqışlayır".

Bu fikirləri "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasəti şərh edərkən deyib.

Onun sözlərinə görə, hələ 2003 - cü ildən İlham Əliyev prezident kimi fəaliyyətə başladığı dövrdən aparılan işin davamı olaraq sosial-iqtisadi inkişaf prioritet istiqamətə çevrilib. Bununla bağlı müxtəlif fərmanlar və sərəncamlar verilib, Dövlət Proqramları həyata keçirilib. Azərbaycanda dördüncü Dövlət Proqramı qəbul edilib və hazırkı dövrə qədər reallaşdırılan proqramların hər biri ölkəmizdə bütün sahələrin inkişafına nəhəng töhfələrini verib: "Xüsusilə, əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində atılan hər bir addım bu gün öz bəhrəsini göstərməkdədir. Bu aydan qüvvəyə minən sərəncam da hər bir vətəndaşın, hətta onun ailəsinin aylıq büdcəsində müsbət dəyişikliyə səbəb olacaq və ailənin maddi təminatını yüksəldəcəkdir"- deyən B.Quliyev daha bir xüsusi məqama toxunub: "Reallaşdırılan sosial paketlərdən 4 milyondan çox vətəndaşımız bəhrələnib və burada minimum əmək haqlarından başlayaraq, minimum pensiyaların artırılmasına qədər, habelə aztəminatlı ailələrin, şəhid və müharibə veteranları ailələrinin, qaçqın və məcburi köçkünlərin, mətbuat işçilərinin, səhiyyə, təhsil, mədəniyyət və s. hər kəs yararlanıb", deyə qeyd edən siyasi ekspert dövlətin öz gəlirlərinin mühüm hissəsinin bilavasitə sosial sahələrə yönəldildiyini bildirib: "Çünki sosial sahə dövlət başçımızın daim vurğuladığı kimi, prioritet istiqaməti olmaqla, onun diqqəti mərkəzindədir. İqtisadi uğurların təməlində sosial siyasətin ardıcıl təminatı reallığı dayanır. Diqqət yetirək, təkcə problemli kreditlərlə bağlı qəbul edilən qərar nə qədər insanlarımızın sevincinə səbəb oldu. Bütün bunlar, əlbəttə ki, ölkəmizin sosal dövlət olmasının sübutudur. O cümlədən, əldə edilən uğur və nailiyyətlər xalq-iqtidar birliyinin təcəssümüdür ki, həmin təcəssüm Azərbaycanı daim, davamlı şəkildə irəliyə aparacaq, dünyanın lider dövlətləri sırasındakı yerini, rolunu möhkəmləndirəcəkdir". (Olaylar.az)