“Bərbər” bir az da “barbar”ı andırdığı üçün xof yaradır “Bərbər” bir az da “barbar”ı andırdığı üçün xof yaradır
  • Tribuna
  • 6 May 2020 21:23
  •  32 245

Hansı düzgündür: “DƏLLƏK”, yoxsa “BƏRBƏR”?

“Bərbər” bir az da “barbar”ı andırdığı üçün xof yaradır

“Baş qırxan, qan tökən, cib kəsən dəllək” adlı iki gün əvvəlki statusdan sonra yenidən bu mövzuya qayıtmağımın tək səbəbi odur ki, orda yazdıqlarımı oxuyan dostlardan biri mənə whatsapp-la göndırdiyi sualı çox konkter qoymuşdu: “Dəllək, yoxsa bərbər deməliyik?” Bu sual isə mövzunu bir peşə səviyyəsindən dil müstəvisinə çıxarmaqla yeniləmiş oldu.

Bəri başdan deyim ki, mən ayda heç olmasa bir dəfə xanəsinə gedib başımızı qırxdırıb, saçımızı səliqəyə saldırdığımız adamın “dəllək” adlandırılmasının tərəfdarıyam. Səbəbi... Əvvəla, ikisi də alınma söz olan “dəllək” və “bərbər”dən “dəllək” mənə daha xoş gəlir. “Bərbər” isə bir az da “barbar”ı andırdığı üçün xof yaradır. İkincisi, “dəllək” həm şifahi, həm də yazılı ədəbiyyatımızın hesabına dilimizə daha yaxın olub. Üçüncüsü, “dəlləy”in və “dəlləkçiliy”in bir söz və peşə kimi gör neçə əsrlik tarixi var. Ölkəmizə dinlə yanaşı dil də gətirən ərəblərdən bizə qalan xeyli sözdən biri də “dəllək”dir-mənası masajist, hamamçıdır. Görünür, əvvəlcə hamamdakı kisəçiyə, sonra da həmin hamamda baş qırxıb, saqqala həna qoyanlara dəllək demişik. Beləliklə də “dəllək” o zamana qədər işlənən “yolquçu” və “ülğucçu” sözlərini sıradan çıxarıb.
Dilimizdə yaşı elə də çox olmayan “bərbər” isə fars sözü olub kökündə “boridən”, yəni kəsmək, qırxmaq feli dayanır. Başı su ilə isladıb ülgüclə qırxan, saqqala da həna qoyan dəlləklərdən fəqrli olaraq bərbərlər kişilərin üzünü təraş edir, saçını yuyur, kəsir, müxtəlif formalara salırlar. Ortada yeni bir peşənin xüsusiyyətləri olduğundan “bərbər” sözündən istifadə edənləri də qınamıram. Amma dəlləkləri müdafiə etmək üçün də arqumentim var. 20-ci əsrin əvvəllərinə qədər kisəçilik edən, qan alan, zəli qoyan, diş çəkən, oğlan uşaqlarını sünnət edən, baş qırxıb saqqala həna qoyan dəllək üçün saçı kəsib, səliqəyə salmaq, müxtəlif forma vermək nə çətin işdir ki? Sözümün canı odur ki, daha əsl müsəlman kimi başını ülgüclə keçəl qırxdıran adam azdır deyə “dəllək” sözündən imtina etmək dogru deyil. Dəllək saç da kəsə bilər, necə ki, bərbər lazım gələndə baş da qırxır. Hər halda, “dəllək” və “bərbər” arasında ruslara aid цирюльник və парихмахер peşələri qədər fərq yoxdur. Yəni kim mənim kimi dəlləklərin təəssübünü çəkirsə, rahat şəkildə “dəllək” yaza bilərlər. Kim də o fikirdədir ki, saçlarını kəsdirdikləri adama “bərbər” demək lazımdır, onların da işi avand olsun.
Amma son günlərdə karantin rejiminin yumşaldılmasından sonra dəlləkxanaların açılması ilə bağlı yazılan xəbərlərdə olduğu kimi, eyni mətində həm “dəllək”, həm də “bərbər” sözlərindən istifadə etmək, məncə, düzgün deyil. Aralarındakı məna fərqi onları sinonimlikdən çıxarır. Bütün lügətlərdə bu iki sözün məhz sinonim kimi göstərilməsinə baxmayaraq...
Yeri gəlmişkən deyim ki, dilimizdə sifətlərdən fərqli olaraq isimlərin sinonimliyi tam deyil. Məsələn, “adam”la “insan” lügətlərdə sinonim sözlər kimi qeyd edilsələr də, əslində bir-birini tam əvəz edə bilmirlər. Eyni ilə arx-kanal, abidə-heykəl, çol-düz, el-oba, qayış-kəmər kimi... Sonda onu da qeyd edim ki, artıq nəinki “dəllək”, həm də “bərbər” sözünün meydanı daralır. Onların yerini “saç ustası” tutur. Görünür, “dəllək” və “bərbər” sözləri kimlərinsə xoşuna gəlmir. Dilçilikdə buna evfemizm deyilir. Amma bu artıq başqa mövzudur.

Faiq Novruzov