"Yeni idarəetmə sisteminə keçiddə mühüm məsələ dövlət və özəl şirkətlər arasında əməkdaşlıq formasının qurulmasıdır" "Yeni idarəetmə sisteminə keçiddə mühüm məsələ dövlət və özəl şirkətlər arasında əməkdaşlıq formasının qurulmasıdır"
  • Tribuna
  • 8 Avqust 2020 12:42
  •  10 477

"Yeni idarəetmə sisteminə keçid iqtisadi islahatların növbəti mərhələsidir" - Kamaləddin Qafarov

"Yeni idarəetmə sisteminə keçiddə mühüm məsələ dövlət və özəl şirkətlər arasında əməkdaşlıq formasının qurulmasıdır"

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə söylədiyi əhatəli nitqi, ölkədə pandemiya şəraitində baş verən cari proseslərlə bağlı əsaslandırılmış çıxışı ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Prezidentimiz bu çıxışı ilə ölkədə görülmüş preventiv karantin tədbirləri, təşkilati, sosial, məşğulluq məsələləri ilə yanaşı, iqtisadi siyasət problemlərinə də geniş yer verilməsinin, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının da dövlətin ən aktual və ən vacib məsələsi olduğunu bir daha diqqətə çatdırdı. Dövlət başçısı bu sahə üzrə qarşıda duran ən əsas vəzifələrdən birinin dövlət şirkətlərinin işinin hərtərəfli araşdırılması olduğunu bildirmiş və həmçinin yeni idarəetmə sisteminin qurulmasının zəruriliyini vurğulamışdır”.

AzNews.az bildirir ki, bu fikirləri millət vəkili Kamaləddin Qafarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözügedən müşavirədəki çıxışında qarşıya qoyulan əsas məsələlərə münasibət bildirərkən söyləyib.

K.Qafarov bildirib ki, ölkə başçısının dövlət şirkətlərinin idarə edilməsi ilə bağlı məsələlərə münasibət bildirməsi, hazırkı mürəkkəb dönəmdə iqtisadi islahatların davam etdirilməsinə sadiqlik prinsipini bir daha təsdiq etmişdir. Dövlət şirkətlərində idarəetmədə şəffaflığın, ümumi nəzarətin zəif təşkili və hesabatlılığın aşağı olması əsas problemlərdəndir. Yeni idarəetmə sisteminə keçiddə mühüm məsələ dövlət və özəl şirkətlər arasında əməkdaşlıq formasının qurulması, ortaq nöqtələrin tapılmasıdır. Yeni sistemə keçid prosesinə özəl sektorun cəlb olunması şəffaflaşma və vəsaitlərin idarə edilməsində səmərəlilik prinsiplərini yüksəldir. Nəzərə almaq lazımdır ki, dövlət vəsaitləri kiminsə vəsaiti deyil və şəxsi maraqlar istiqamətində yönləndirilməməlidir. Özəl sektor daim çalışır ki, maliyyə-təsərrüfat fəaliyyəti və xərclər ictimaiyyət üçün əlçatımlı olsun, daha effektiv formada idarə olunsun, gəlirliyi təmin edilə bilsin. Bu da qurumun mənfəətinin artımına, idarəetmənin təkmilləşməsinə gətirib çıxarır. Yeni idarəetmə sisteminə keçiddə mühüm məsələ dövlət və özəl şirkətlər arasında əməkdaşlıq formasının qurulmasıdır.

Millət vəkili deyib ki, iri dövlət müəssisələrinin idarə edilməsi istiqamətində islahatlarla bağlı xeyli müddətdir ki, müzakirələr keçirilirdi və çox güman ki, yaxın vaxtlarda artıq islahatların yeni paketi təsdiq olunacaqdır. Bununla bağlı Prezidentimiz də müşavirədə artıq qiymətləndirmənin aparıldığını və yaxın zamanlarda sənədin hazır olub imzalanacağını bildirdi. Bir sözlə, yeni idarəetmə sisteminin yaradılması dövrün tələbi idi və müşavirədə bu məqam dövlət başçısı tərəfindən xüsusi olaraq qeyd edildi:” ...Əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır.”

Millət vəkili Kamaləddin Qafarovun fikrincə, yeni idarəetmə sistemi həm dövlət şirkətlərinin idarəetməsinin təkmilləşdirilməsi, həm də dövlət vəsaitinə qənaət edilməsi və onun səmərəli xərclənməsini özündə ehtiva edəcəkdir. Bütövlükdə isə , yeni idarəetmə sisteminə keçid özəl sektorun da intensiv inkişafına səbəb olacaqdır.