KTN-nin builki əsas prioriteti: İntensiv bağçılığın inkişafı

Kənd Təsərrüfatı Nazirliyi intensiv bağçılığın inkişafı üçün subsidiyaların verilməsi tarixini elan etdi

Kənd Təsərrüfatı Nazirliyi intensiv bağçılığın inkişafı üçün subsidiyaların verilməsi tarixini elan etdi. Məlumata görə, fevralın 1-dən mayın 31-nə qədər fermerlər subsidiya almaq üçün nazirliyə müraciət edə bilərlər. KTN-nin intensiv bağçılıq layihələri çərçivəsində əkilməsini təşviq etdiyi əsas meyvələr bunlardır: portağal, naringi, limon, fındıq, zeytun, nar.

Əsasən 6 meyvə üçün nəzərdə tutulan subsidiyaların miqdarı bu şəkildə müəyyənləşdirilib: limon bağlarının hər hektarına 11000 manat, portağal və naringi bağlarına 9000 manat/ha, nar bağlarına 5000 manat/ha, zeytun bağlarına 4900 manat/ha, fındıq bağlarına 4400 manat/ha birdəfəlik əkin subsidiyası. “Bu məbləğlərdən əlavə, bağ sahiblərinə hər hektara görə 700 manat əkin subsidiyası veriləcək”,-KTN-nin rəsmi məlumatında belə deyilir.

Bağçılığın inkişafı məqsədilə nəzərdə tutulan subsidiyaların alınması üçün fermerlərin qarşısına müəyyən şərtlər də qoyulub. Əvvəla, birdəfəlik dövlət dəstəyi veriləcək bağlar bu il salınmalıdır.

İkincisi, intensiv bağçılıq təsərrüfatına aid olmalıdır. İntensiv bağçılığın isə öz şərtləri var. İlk növbədə bu təsərrüfatlar damla suvarma sistemlərinə keçməlidirlər. Başqa sözlə desək, ənənəvi suvarma sistemi ilə bağ saxlayanlar dövlətin ayırdığı subsidiyalardan faydalana bilməyəcəklər. Niyə? Çünki ənənəvi suvarma sistemi ciddi su sərfiyyatına yol açdığı halda məhsuldarlığı da azaldır. Üstəlik, ağacların ətrafında alaq otlarının bitməsinə səbəb olur ki, bu da fermerlərin işini çətinləşdirir. Təbii ki, dövlət də daha səmərəli texnologiya ilə becərilən torpaq sahələrini subsidiyalaşdırmağa çalışır. Damla sulama üsulu isə daha az su istifadəsinə, səmərə və keyfiyyətin artırmasına yol açdığı kimi, tətbiqi də asandır. Üstəlik, ətraf mühiti daha az çirkləndirir.

Mütəxəssislər damla suvarma metodunun üstünlərini bu şəkildə şərh edirlər: Bu suvarma üsulunda, bitkini stressə salmadan, ona sıx aralıqlarla və az miqdarda su verilir. Damla suvarma üsulunda digər üsullara nisbətən suya daha çox qənaət olunur. Nəzərə alsaq ki, dünyanın mövcud olan su mənbələrinin 97%-i okean və dənizlər, 3%-ni isə çaylar təşkil edir, suya qənaətin zəruriliyi ortaya çıxır. Xüsusilə Azərbaycan kimi su ehtiyatı az olan ölkələrdə bu suvarma üsulu ciddi əhəmiyyət kəsb edir.

Aqrar mütəxəssislər damla suvarma üsulunun müsbət cəhətlərini belə sıralayırlar:

1. Bitkinin torpaqüstü orqanları isladılmadığından xəstəlik və zərərvericilərin inkişafının qarşısını alır;

2. Alaq otlarına qarşı mübarizəni asanlaşdırır;

3. Ərazinin yalnız müəyyən bir hissəsi suvarıldığından suya ehtiyacı azdır;

4. Su artırımı yüksəkdir. Su mənbələrinin məhdud olduğu yerlərdə geniş sahələr bu üsulla suvarıla bilər;

5. Torpaq suvarılan bitki tərəfindən kölgələndiyindən torpaq səthindəki buxarlanma, başqa sözlə bitkinin su istehlakını xeyli azaldır;

6. Buxarlanma və torpağın dərinliyinə doğru suyun sərfiyatı azdır; səth axışı itkiləri yoxdur. Suyun tətbiq səmərəliliyi çox yüksəkdir;

7. Gübrələrin suvarma suyu ilə birlikdə verildiyindən (fertiqasiya) bitkilərin gübrələnmə prosesindən yüksək səviyyədə faydalanması;

8. Damla suvarma sistemində ilk təsis xərclərinin yüksək olmasına baxmayaraq, xüsusilə su mənbələrinin məhdud olması və iqtisadi dəyəri yüksək olan bitkilərin becərilmə şəraitində daha geniş sahələrin suvarılması və daha çox məhsul əldə edildiyi üçün ümumiyyətlə iqtisadi bir üsuldur.

Göründüyü kimi, bu suvarma üsulunda fermerlər üçün yeganə çətinlik damla suvarma sisteminin qurulmasının baha başa gəlməsindədir. KTN də məhz buna görə ilkin birdəfəlik subsidiya verilməsini məqsədəuyğun sayır. Təlimata görə, “fermerə verilməsi nəzərdə tutulan subsidiyanın 75%-i həmin bağların salınması üçün tinglərin alınmasına, gübrə və pestisidə xərclənə biləcək və ya bu istiqamətdə əvvəlcədən alınan borclara yönləndiriləcək. Vəsaitin bağların salınması üçün istifadə edilən suvarma sisteminin qurulmasına və kredit borclarına yönləndirilməsi mümkün olacaq.

Vəsaitin 25%i isə fermer tərəfindən nağdlaşdırılaraq bağların salınması üçün digər xərclərə (aqrotexniki xidmət və s.) istifadə oluna bilər”.

Nazirliyin bu təlimatından da aydın olur ki, birdəfəlik subsidiyaların böyük hissəsinin (75%) suvarma sisteminin qurulmasına sərf edilməsi nəzərdə tutulur. Bağçılığın sonrakı illərdə inkişafına ayrılan vəsait də var. Məlumata görə, bağ sahiblərinə hər hektara görə 700 manat əkin subsidiyası da veriləcək. Yeni bağların salınmasını stimullaşdırmaq üçün bu subsidiya məbləği bağın salındığı ilk 4 il ərzində ayrılacaq.

Qeyd edək ki, KTN-nin bu subsidiya siyasəti Cənab Prezident İlham Əliyevin 2019-ci ildə tapşırığı ilə hazırlanmış 5 illik proqrama əsasən həyata keçirilir. Nazir İnam Kərimov proqramın qəbul olunduğu 2019-ci ilin 7 mart tarixində keçirdiyi müşavirədə bunu etiraf edərək deyib: “Ölkə başçısının tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə meyvəçiliyin inkişafına dair Dövlət Proqramı hazırlanıb... Proqramın əsas məqsədi bu sahədə daha yüksək inkişafa, məhsuldarlığı artırmağa nail olmaqdır. Bildiyiniz kimi, meyvəçilik aqrar sahənin prioritet istiqamətlərindən biridir. Azərbaycanın iqlim şəraiti daha çox məhsuldarlıq üçün münbit şərait yaradır”.

Nazir həmin çıxışında onu da vurğulamışdı ki, müasir dünyada intensiv bağçılıqdan geniş istifadə olunur və biz də minimum ərazilərdə maksimum məhsuldarlıq əldə etməyə çalışmalıyıq.

2019-cu ildə intensiv bağçılığa keçidin ilk müsbət nəticələri ötən il özünü göstərməyə başlamışdır. Quraq keçməsinə baxmayaraq, 2020-ci ildə bağçılarımız digər aqrar sektorlarla müqayisədə fərqlənməyi bacarmışlar. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarında da bu məqam öz əksini tapıb. Məlumatlara görə, 2020-ci ildə Azərbaycanda 8 milyard 428,9 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2019-cu ilin göstəricisindən 2% çoxdur. Ümumi aqrar artım 2% olmasına baxmayaraq, meyvə istehsalında bu göstərici 3%-ə yüksəlmişdir: 1 milyon 133,1 min ton meyvə və giləmeyvə (artım 3%), 208 min ton üzüm (artım 3,1%).

Dünya üzrə ümumi əkin sahəsinin cəmi 6%-ni meyvəçilik təşkil etdiyini, bizdə də böyük ehtimalla bu göstəricinin dəyişilmədiyini nəzərə alsaq, hardasa 1.5 milyon ton meyvə istehsalı, təbii ki, aşağı göstərici deyil. Bu ildən intensiv bağçılığa subsidiyaların ayrılması, ümidvaram ki, istehsalın daha yüksək göstəricilərlə artacağına zəmin yaradacaq.

Mürvət Həsənli

azpolitika.info