Cənab Prezident bütün bu və bənzəri düşüncələri, sualları aydınlığa qovuşdurmuş oldu Cənab Prezident bütün bu və bənzəri düşüncələri, sualları aydınlığa qovuşdurmuş oldu
  • Tribuna
  • 4 Fevral 2021 00:17
  •  22 654

İşğalın və azadlığın gerçək üzü...

Cənab Prezident bütün bu və bənzəri düşüncələri, sualları aydınlığa qovuşdurmuş oldu

Azərbaycan Prezidentinin fevral ayının ilk günü Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılış mərasimindəki çıxışında aparıcı istiqamətlərdən biri Vətən Müharibəsi, tarixi zəfərimiz, azad edilən torpaqlardakı erməni vandalizminin dərin izlərinin dünya ictimaiyyətinə çatdırılması və bundan irəli gələn milli vəzifələr təşkil edirdi.

Azərbaycan dövlət başçısının istər Vətən Müharibəsindən öncə, istərsə müharibə vaxtı xarici TV-lərə, media quruluşlarına verdiyi müsahibələrdə, beynəlxalq qurumların toplantılarındakı çıxışlarında Ermənistanın işğalıq siyasətinin acı nəticələri və bunun yalnız Azərbaycana deyil, bəşəriyyətə qarşı bir akt olduğu, ümumdünya mədəni irsinə zərbə təşkil etdiyi barədə prinsipial mövqeyi hər kəsə bəllidir. Abşerondakı çıxış həm ötən ildə baş verənlərin ümumiləşməsidir, həm də yeni situasiya, yeni çağırışları və ölkənin qarşısında duran vəzifələri ehtiva edir.

Torpaqlarımız azad olunub, sövq-təbii, o torpaqlara əhalinin nə vaxt, necə dönəcəyi, azad olunmuş ərazilərdə, o cümlədən regionda infrastrukturun bərpası, yenidən qurulması, Ermənistanın iki üçtərəfli Bəyanatın icrasına nə dərəcədə sadiqlik nümayiş etdirəcəyi, bir sıra digər vacib məsələr vətəndaşımızı düşündürməyə bilməz. Cənab Prezident bütün bu və bənzəri düşüncələri, sualları aydınlığa qovuşdurmuş oldu.

Prezident işğalsonrası görüləcək işlərin mütəxəssislərin iştirakı, elmi yanaşmanın tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi və məcburi köçkünlərin rəyinin nəzərə alınması ilə gerçəklləşəciyini bildirdi. Prezident xüsusilə vurğuladı ki, böyük qayıdışdan öncə, inventarlaşdırma, pasportlaşdırma, video, foto çəkilişlər vasitəsi ilə - təsdiqedici dəlillər toplanacaq, işğalın gerçək üzü sənədləşdiriləcək. Bunun əsasında beynəlxalq məhkəmələrdə Ermənistana qarşı təzminat davası açılacaq. Mən bu yerdə cənab Prezidentin “Biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır” sözlərini minnətdarlıq və şükranlıqla xatırlamaq istərdim. Çünki 30 illik işğala son vermək, çətin müharibədə qısa müddətdə qalib gəlmək nə qədər dərin zəka, ölçülü-biçili yanaşma tələb edirdisə, böyük qayıdış da, qayıdışöncəsi atılacaq addımlar da, deyərdim, bir o qədər diqqət tələb edir. Çıxdığı yola, verdiyi vədlərə, Andına yüksək sədaqəti mübaliğə mövzusu olmayan dövlət başçısının fəaliyyətini təhlil edən istənilən vicdanlı politoloq, diplomat, iqtisadçı, alim böyük qayıdışla bağlı vədlərin, yol xəritəsinin də yüksək səviyyədə yerinə yetiriləcəyini bəri başda müjdələyə bilər. 44 günlük müharibədə, eləcə də pandemiyaya qarşı mübarizədə özünəməxsus model, təcrübə yaradan ölkəmiz Böyük Qayıdışda da öz modelini yaradacaqdır. Tanrı heç bir ölkəyə qaçqın, məcburi köçkün həyatı qismət etməsin, lakin neçə ki dünyada şər yuvaları, faşizm töküntüləri və onların gizli, açıq himayəçiləri var, qaçqınlıq, məcburi köçkünlük də ola bilər. Bu mənada, Azərbaycan Böyük Qayıdış Modelinin gələcəkdə öyrəniləcəyinə, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığının metodik vəsaitlərinə düşəcəyinə şübhə etmirəm. Şübhə etmirəm ki Azərbaycanın dostları getdikcə artacaq. Doğrudur, bizim əsl dost-qardaşlarımızın kimliyini özümüz çox yaxşı bilirik – cəmi 3-5 ay öncələrdəki Vətən Müharibəsi günləri bunu bizə aydın şəkildə göstərdi; lakin yanlışlarından dönmüşlərin, haqq tərəzisini bundan sonrasa əyməyəcək yeni dostların meydana çıxması başa düşüləndir. Qalib dövlətik, modellər, örnəklər yaratmışıq, Güney Qafqazın ən güclü, ən imkanlı, ən şanslı ölkəsiyik və bizimlə dostluq, işbirliyi hər kəs üçün maraqlıdır. Bu mənada, hansısa keçici olaya, ötərgi işləmlərə görə deyil, qalıcı işlərə, böyük gələcəyə aparan yola baxmaq və öz dövlətinə, dövlət başçısına güvənərək irəli boylanmaq lazımdır.
Belə olunca, beynəlxalq təşkilatların Ermənistanın dünənki talançılıq, vəhşilik, düşmənçilik hərəkətlərini, eləcə də, sülhə münasibətdə hərəkətsiz, üzgün, ləng davranışlarını daha yaxşı anlaması (yaxud etiraf etməsi) asanlaşacaq.

Prezidentin dediyi kimi: “Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır”.

Dövlət başçısının davamlı diqqət yetirdiyi məqamlar sırasında mədəniyyət abidələrinə qarşı erməni vəhşiliyi, erməni dözümsüzlüyü mövzusu aparıcı yer tutur. 2021-ci ili Nizami İli, Şuşanı Mədəniyyət Paytaxtı elan edən cənab Prezident, “Xarı bülbül” festivalı, “Vaqif Poeziya Günləri”ni bərpa etdiyi kimi, Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstlərini Şuşaya qaytarmaqla da mədəniyyətə diqqət-qayğısının dərinliyini, üfüqünü bir daha göstərmişdi; qarşı dönəmdə maddi-mənəvi, tarixi dəyərlərimizə erməni qəsbkarlığı beynəlxalq müstəviyə daha dəlilli, sübutlu və sistemli təqdim ediləcək və bu təqdimat bir çoxları üçün cavabı çətin suallar yaradacaq: Siz belə bir vəhşi cəmiyyəti, anti-bəşəri dövləti nə üçün müdafiə edirsiz? Daha çox dağıtmaq imkanı yaratmaqçünmü?.. – “İllər keçdikcə bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki, onları bu bəladan xilas etmək istədik.” – Prezidentin sözüdür.
Və nəhayət günümüzün ən populyar və sevilən, tirajlanan deyiminə çevrilmiş “Mən Şuşanı Mədəniyyət Paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm”! kəlamı!.. – Dövlət başçısı nə lazımdırsa dedi; doğrusu, xəbərdarlıq edilən məmurların nəticə çıxarmaları artıq ilk növbədə özlərinə lazımdır. Prezidentin sözü müzakirə olunmur, icra olunur. O icraatsa hərənin öz işi ilə məşğul olması ilə şərtlənməlidir. Bütün halı ilə MƏDƏNİYYƏT İLİ olan 2021-ci il həm də məmurların dərin məsuliyyət ili olsa, bu ümumi işin xeyrinə olacaq…
DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri