“Qırmızı xətti” keçsəydik, əsas üstünlüyümüzü itirərdik “Qırmızı xətti” keçsəydik, əsas üstünlüyümüzü itirərdik
  • Tribuna
  • 9 Mart 2021 15:08
  •  26 885

Qələbənin tənqidçiləri nədən sakitləşmirlər? - Tofiq Zülfüqarov yazır

“Qırmızı xətti” keçsəydik, əsas üstünlüyümüzü itirərdik

Bu gecə yaxud sabah səhər Ermənistanın bizim torpaqlarını işğal etməsinə qarşı Azərbaycanın ikinci Vətən Müharibəsi zamanı apardığı hərbi əməliyyatlara son qoymuş Birgə Bəyanatın qəbul olunmasından dörd ay ötür.

İlk, emosional dalğanın səngiməsi, nəyin baş verdiyini və hazırda bizim harada olduğumuzu dərk etmək üçün müddət yetərli olmasa da, kifayət qədərdir.

Şübhəsiz, bu tarixi hadisəyə daha dolğun qiymət Dövlət başçısı tərəfindən verilib, lakin obyektivliyə rəğmən, hamının yaxşı anladığı reallıqların diktə etdiyi statusa və siyasi konyukturaya görə, bu qiymət mütləq şəkildə hərtərəfli ola bilməz...

Fövqəladə şəkildə məlumatlı insan roluna qəti şəkildə iddialı deyiləm, lakin hansısa “vəzifə sahibi” olmamaq statusu “dövlət sisteminə” aid insanların heç vaxt deməyəcəkləri məsələlər haqqında açıq danışmağa imkan verir...

Beləliklə, əsas sual- baş verənlərin hamısı “əvvəlcədən razılaşdırılmış idi”, yoxsa əksinə?

Səmimi olsaq, birinci variantın da əlamətləri var və elə hadisələr var ki, bunları əvvəlcədən “planlaşdırmaq” və reallaşdırmaq qeyri-mümkündür. Məsələn, heç kimin gözləmədiyi halda Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin qəhrəmanlığı və taktiki yenilikləri, istifadə olunan PUA-ların dağıdıcı effekti, Ali Baş Komandanın ayrı-ayrı birləşmələri birbaşa idarəetməsinin əhəmiyyəti və s... Yaxud düşmənin müdafiə sisteminin gözlənilmədən sürətli şəkildə darma-dağın olması (rəsmi mənbələrə görə, 10 min nəfər)... İkinci variantın xeyrinə olan belə nümunələrin sayı olduqca çoxdur və bunlar hamıya məlumdur.

Lakin bütün bunlar Ermənistanda və Azərbaycanda “sövdələşmə nəzəriyyələrin” çoxsaylı və qatı tərəfdarlarının rəylərinə təsir etmir.

Bəs, həqiqət haradadır?

Həmişə olduğu kimi, həqiqət mərkəzdədir.

Əlbəttə, hərbi əməliyyatlar başlayana qədər Ermənistanın və Azərbaycanın rəhbərlikləri çoxsaylı tərəfdaşlarla çoxsaylı məsləhətləşmələr aparıblar və nəticədə özünəməxsus sərhədlər yaxud “qırmızı xətlər” müəyyən edilirdi ki, bunları pozmaq tövsiyə olunmurdu.

Misal üçün, çox güman ki, Ermənistana tövsiyə olunurdu ki, düşmənin infrastrukturunun mühüm obyektlərinə, dinc əhalinin yaşadığı məntəqələrə, xarici şirkətlərin iştirakı ilə inşa edilmiş əhəmiyyətli obyektlərə zərbələr endirilməsin və s. Azərbaycana gəlincə, yuxarıda sadalananlara əlavə olaraq, erməni əhalisinin ənənəvi olaraq sıx yaşadığı yerlərdə və Ermənistan Respublikasının ərazisində hərbi əməliyyatların aparılmasına qadağa barədə danışmaq olar. Görünür, məhz buna görə, Şuşa rayonu və Şuşa şəhəri ətrafındakı vəziyyəti şərh edərkən V. Putin, Rusiyanın 12 oktyabr təklifini qəbul etməyən Paşinyasnın mövqeyinin təəccüb doğurması haqda danışır...

Bu gün aydındır ki, Azərbaycan qoşunlarının Xankəndini götürmələri əvvəlcədən razılaşdırılmış “qırmızı xətlərin” pozulması demək olardı. Əgər ermənilərin Şuşanı itirməsinə görə günah Paşinyanın tərsliyi və dözülməz davranışının üzərinə qoyulubsa, bu zaman Xankəndində hərbi əməliyyatların davam etdirilməsi Azərbaycan Prezidentinin əldə olunmuş razılaşmalardan kənara çıxmasına bərabər tutulardı. Belə olan halda, ermənilərin adından, o cümlədən “İsgəndərlərlə”, PUA-ların idarəolunması məntəqələrinə, hava limanlarına, həmçinin ordu birləşmələrinin toplanma məntəqələrinə və onları idarəetmə məntəqələrinə zərbələr endirilərdi. Hərbi sursatlarını almağa unutduqları SU-30 qırıcı təyyarələri birdən-birə həmin sursatları alardılar və s. və i. Belə bir vəziyyətdə biz, yəqin ki, Xankəndini və, çox güman, Xocalını ala bilərdik, lakin bu zaman “Rusiyanın neytrallığının” olmaması şəraitində Ağdam, Laçın və Kəlbəcərin azadlığı uğrunda uzunmüddətli və qanlı döyüşlər aparmalı olardıq.

Beləliklə, “böyük oyunçular”, mən yalnız Rusiya və Türkiyəni nəzərdə tutmuram, müharibəyə qədər azərbaycan əhalisinin yaşadığı ərazilərin Azərbaycanın öz nəzarətinə qaytaracağına hazır idi. Lakin erməni təcrübəsində olan etnik təmizləmələrin təkrarlanaraq, artıq ermənilərin özlərinə qarşı tətbiq etməyə bizə icazə verməzdilər. Bu reallıqdır və bizim münasibətimizdən asılı olmayaraq o belədir.

Yuxarıda mən, bu gün bizim nəzarətimizdə olan torpaqları azad etməyə imkan verilməsinə dair şübhələrimi artıq açıqladım. Birmənalı şəkildə yeni və əhəmiyyətli itkilərə məruz qala bilərdik. Lakin bu da əsas deyil. Əgər biz bu “qırmızı xətti” keçsəydik, əsas üstünlüyümüzü – mənəvi cəhətdən düzgünlüyümüzü və Qarabağa olan suveren haqlarımızın hüquqi əsasını itirmiş olardıq. Belə vəziyyətin yaratdığı digər effekt hakimiyyətin və şəxsən Prezidentin beynəlxalq legitimliyinin itirilməsi ola bilərdi. Belə olan halda Prezident təcavüzkar üzərində qalibdən erməni əhalisinə qarşı “etniz təmizləmənin təşkilatçısı və günahkarına” çevrilərdi.

Burada yazdığım uğursuz və sonu məğlubiyyət olan ssenari, birmənalı olaraq, Azərbaycanın maraqlarına uyğun deyil. Lakin sual yaranır ki, nəyə görə bizim Qələbənin tənqidçiləri sakitləşmirlər? Bəlkə bütün bunları dərk etmirlər? Və bəlkə onları Qarabağ yox, hakimiyyət maraqlandırır?

Tofiq ZÜLFÜQAROV,

Sabiq Xarici işlər naziri