Tarixi Zəfərimiz sübut etdi ki, Heydər Əliyev siyasi irsinin ölkəmizdə alternativi yoxdur

Müasir Azərbaycan tarixi yalnız özümüz üçün deyil, bir çoxlarına ibrət nümunəsidir. Ədalətsizliklə üzləşən xalqlar Azərbaycan gerçəkliyində görürlər ki, ictənilən cəmiyyətin taleyində məsuliyyətli və qətiyyətli lider faktorunun rolu danılmazdır. Tarixi sınaq dövründə ən mükəmməl sistem idarəçiliyi belə, şəxsiyyət boşluğunun yerini doldura bilmir, nəticədə isə ölkə məğlubiyyətlə üzləşir. Bu, hansı coğrafiyada yaşamasından asılı olmayaraq, bütün xalqlar üçün keçərlidir. Elə buna görə, ictimai-siyasi həyatda şəxsiyyət faktorunun rolunu inkar edən və ya onun əhəmiyyətini kiçiltməyə çalışanlar yalnız özlərini aldatmır, belələri həm də öz cəmiyyətlərinin milli hədəflərə yetişməsi yolunda təhlükəli əngələ çevrilirlər.

1992-1993-cü illərdə, cəmi 11 ay ərzində iqtidarda olmuş AXC-Müsavat hakimiyyətinin təmsilçiləri özləri-özlərini aldadaraq elə zənn edirdilər ki, xalqın səbri tükənməzdir. Siyasi müştəbehlik səbəbindən elə düşünürdülər ki, xalqımıza yaşatdıqları faciələrə baxmayaraq, cəmiyyət onları bağışlayacaq və sonsuzadək dözəcək. Amma o zaman hakimiyyətdə təmsil olunanlar insanlarımıza yaşatdıqları məğlubiyyət və ümidsizlik acısının nə qədər ağır olduğunun fərqində deyildilər, milli fəlakətə gətirib çıxaran səhvlərinin nə hüquqi, nə də mənəvi əfvinin olmayacağını nəzərə almırdılar. O dövrdə hakimiyyət təmsilçilərinin səriştəsizliyi və şişirdilmiş siyasi ambisiyaları ucbatından xalqımız, bir tərəfdən, erməni işğalının mənəvi-psixoloji acısını yaşamağa, digər tərəfdən isə qanunsuz silahlı dəstələrin diktəsi ilə hesablaşmağa məhkum edilmişdi. Dövlət orqanlarına vətəndaş inamsızlığı elə həddə gəlib çatmışdı ki, o, özünün və doğmalarının təhlükəsizliyinə görə rəsmi qurumlardan artıq heç bir kömək gözləmirdi. Bir tərəfdən, sosial-iqtisadi həyatın dözülməz çətinliyi-işsizlik və yoxsulluq problemi, digər tərəfdən isə milyona yaxın qaçqın və məcburi köçkünün ağır məhrumiyyətlər altında yaşaması vətəndaş ümidsizliyini daha da dərinləşdirirdi. 1993-cü ilin iyununda Azərbaycan faktiki olaraq vətəndaş müharibəsi və dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə dayanmışdı. Bütün bunlar 11 aylıq AXC-Müsavat hakimiyyətinin qoyub-getdiyi və xalqımızın hələ də unutmadığı ağır mirasın kiçik bir hissəsidir.

Ozamankı hakimiyyətin ən böyük günahlarından biri də qanunsuz silahlı dəstələrin xofu qarşısında cəmiyyətimizə aşıladığı qorxaqlıq və acizliklə bağlı idi. Vətəndaşın gözü qarşısında ayrı-ayrı nazirlər tərəfindən Prezidentin, Ali Baş Komandanın əmr və göstərişlərinə məhəl qoyulmadığı halda, belələrinə qarşı heç bir ciddi tədbir görülmür, əksinə, özlərini az qala xan, padşah kimi aparan hakimiyyət nümayəndələrinin davranışına, mənəm-mənəmliyinə göz yumulurdu. Bu, dövlət idarəçiliyinin süqutu, qanunların işləməsi əvəzinə, özbaşınalığa yol açmaq demək idi. Cəmiyyətin ozamankı hakimiyyətə və sabahına olan inamsızlığı da elə bu cür mühitdən, cəzasızlıq şəraitindən qaynaqlanırdı.

Bacarıqsız iqtidar təcrübəsinin ağrı-acısını yaşayan xalqımız 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevi təkidlə hakimiyyətə gətirdikdən sonra yalnız böyük dövlət xadiminə məxsus olan zəngin dövlətçilik təcrübəsi, qətiyyət və şəxsi fədakarlıq fərqini də görə bildi. Bir daha əmin oldu ki, nə sovet imperiyası kimi totalitar quruluşun təhlükəli təqib kampaniyası, nə də Bakıya qayıtdıqdan sonra həyatına edilən sui-qəsd cəhdləri Heydər Əliyev kimi güclü və iradəli şəxsiyyəti Xilaskarlıq missiyasından döndərə bilmir. Ulu Öndərin bu fikri isə xalqımız və dövlətimiz naminə hansı şəxsi fədakarlıqlara hazır olduğunun əyani sübutudur: “Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq!”

Heydər Əliyevin dövlətçilik təcrübəsi və siyasi iradəsi sayəsində qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi və vətəndaş yalnız bundan sonra əmin oldu ki, güvənə biləcəyi yeganə ünvan Dövlət və onun rəsmi qurumlarıdır. Ulu Öndərin siyasi müdrikliyi sayəsində xalqımız vətəndaş müharibəsi təhlükəsindən də xilas edildi. Ölkə daxilindəki siyasi qruplaşmaların təxribatlarına, xaricdəki məlum dairələrin təzyiq və maneələrinə baxmayaraq, Ulu Öndər Heydər Əliyev əks qütblərdə dayanan böyük gücləri 1994-cü il sentyabrın 20-də Bakıda bir araya gətirərək XX əsrin Neft Kontraktının imzalanmasına nail oldu. Bununla ölkəmizin iqtisadi müstəqilliyinin və gələcək uğurlarının təməli qoyuldu. Ulu Ödər həyata keçirdiyi Xilaskarlıq missiyası ilə bir daha sübut etdi ki, tarixdə şəxsiyyət faktorunun rolunu dananlar siyasi nadanlar, bir də natamamlıq sindromundan əziyyət çəkən siyasi qısqanclardır. Eynilə, Pyer Büastın müdrik kəlamlarından birində deyildiyi kimi: “Dahi xırda işlərdə də dahi, axmaq isə böyük işlərdə də kiçikdir”.

Dünya təcrübəsi göstərir ki, həyatdan köçdükdən sonra xalqın yaddaşında yaşamaq və ehtiramla anılmaq hər dövlət xadiminə nəsib olmur. Çünki heç də hər Lider öz xalqı və dövləti naminə Ulu Öndər kimi şəxsi fədakarlığa ya hazır olmur, ya da fərdi keyfiyyətləri buna imkan vermir. Dahi şəxsiyyətlərin, böyük dövlət xadimlərinin digər siyasətçilərdən fərqi ondadır ki, onların xidmətlərinin əvəzolunmazlığı öz xalqları ilə yanaşı, xarici dairələr tərəfindən də qəbul olunur və dəyərləndirilir. Bu mənada qardaş Türkiyənin sabiq Baş naziri Bülent Ecevitin fikirləri Heydər Əliyev şəxsiyyətinin miqyasını sərrastlıqla ifadə edir: “Qüdrətli Öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”. Dünyada fikir və rəyi ilə hesablaşılan tanınmış ABŞ politoloqu Zbiqnev Bjezinskinin Ulu Öndərlə bağlı fikirləri də təsdiq edir ki, coğrafiyalardan asılı olmayaraq, Heydər Əliyev şəxsiyyəti bütün dövrlərdə ən nüfuzlu siyasətçiləri özünə valeh edib: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət-bir sözlə, şəksiz Liderdir". Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyerin Ulu Öndərlə bağlı fikirləri də Heydər Əliyev şəxsiyyətinin rəğbət doğuran miqyasından xəbər verir: “Heydər Əliyev kimi görkəmli dövlət xadimi ilə görüşüb danışıqlar aparmaq böyük şərəfdir”. ABŞ-nin sabiq Prezidenti Corc Buşun Ulu Öndər haqqında söylədiyi fikirlər də göstərir ki, dünyada birnömrəli dövlətin lideri belə Heydər Əliyev şəxsiyyətinə böyük dəyər verib: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”. Fransanın sabiq Prezidenti Jak Şirakın Heydər Əliyev şəxsiyyəti ilə bağlı fikirləri isə bu gün xüsusilə diqqət çəkir: “Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”.

Bunlar görkəmli dövlət xadimlərinin, tanınmış siyasətçi və ziyalıların Ulu Öndərlə bağlı dəyərləndirmələrinin çox az bir hissəsidir. Lakin onların hər biri ayrı-ayrılıqda sübut edir ki, xalqımızın hər zaman dərin ehtiramla yad etdiyi Heydər Əliyev şəxsiyyətinə ölkə hüdudlarından kənarda da böyük rəğbət bəslənilir. Çünki Heydər Əliyevin Xilaskarlıq missiyası bu gün hamılıqla qürur duyduğumuz və son iki əsrlik tariximizə milli kimliyimizin təntənəsi kimi həkk olunmuş hərbi-siyasi Zəfərin də təməlini qoyub. Ulu Öndərin siyasi və fiziki varisi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu möhtəşəm Qələbə sübut etdi ki, Heydər Əliyev siyasi irsinin ölkəmizdə alternativi yoxdur. Bugünkü Azərbaycan artıq bütün dünyada Prezident İlham Əliyevin Liderliyi ilə öz haqqını bərpa etmək gücündə olan qalib dövlət kimi tanınır və ona hörmətlə yanaşılır. Bu tarixi gerçəkliyi qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər Paradındakı çıxışında tam dolğunluğu ilə belə ifadə etmişdi: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan Ümummilli Lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, İnşallah, dastan yazmaqda davam edəcək”.

Zəfər Paradından cəmi altı ay sonra, məhz Milli Qurtuluş Günündə işğaldan azad olunmuş Şuşada Azərbaycan ilə qardaş Türkiyə arasında Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı. Yüz il əvvəlki tarixi Qars müqaviləsinə istinad edən bu sənəddə bütün istiqamətlərdə, o cümlədən müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapdı. Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin imzalandığı Milli Qurtuluş Günündə özünün “Tvitter” səhifəsində Ulu Öndərdən gətirdiyi bu sitatı paylaşmışdı: “Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdir”. Prezident bu paylaşımla həm Ermənistana, həm də tarixi Zəfərimizi hələ də həzm edə bilməyən dairələrə o mesajı verdi ki, Azərbaycan xalqının müstəqillik seçimi sarsılmazdır və ona qəsd etmək niyyətində olanlar Şuşa Bəyannaməsini unutmamalıdır.

Ortaq tarixi köklərimizə və milli-mənəvi dəyərlərimizə söykənən bu sənədlə dost və qardaş ölkələrlə yanaşı, bədxahlarımıza açıq şəkildə bəyan olundu ki, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın qorunması naminə həyata keçirdiyi Xilaskarlıq missiyası bu gün iki qardaş ölkənin Liderlərinin siyasi iradəsi ilə dövlət maraqlarımızın keşiyində dayanan Müttəfiqlik Zirvəsinə yüksəlib. O da şübhəsizdir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elə həmin gün Şuşada səsləndirdiyi bu tarixi bəyanat müasirlərimiz kimi, gələcək nəsillər tərəfindən də heç vaxt unudulmayacaq: “Bu gün buradan-qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”.

Çünki Şuşa Bəyannaməsi ilə bir daha sübut olundu ki, tarixdə şəxsiyyət faktorunun rolu bu gün daha aktualdır və yalnız qətiyyətli Lider ətrafında birləşən xalq milli hədəflərini gerçəkləşdirə bilir!

Ülvi Quliyev

Milli Məclisin deputatı