- Tribuna
- 21 İyul 12:32
- 2 974
Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir

Müstəqilliyimizin bərpa olunmadığı dövrdəki mətbuatımız keçməkeşli bir dövr yaşayıb. O dövrdə çar Rusiyası öz hegemonluq prinsipini milli mətbuatımızın üzərində də aparırdı. Məhz bu səbəbdən idi ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmuş “Əkinçi” qəzetinin ömrü qısa oldu və 56 sayı işıq üzü görə bildi. Buna baxmayaraq, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu oldu.
...Nəhayət, Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yarandı. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da, böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.
Hazırda respublikamızda çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdu. Bu gün isə milli mətbuatımızın 150 illiyidir. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir.
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Bu gün milli mətbuatımızın yubileyi günündə qələm əhlini, peşəkar jurnalistlərimizi ürəkdən təbrik edirəm. Həsən bəy Zərdabi yolunda büdrəməyəsiniz, əziz media mənsubları!
Könül İsmayılova