Prezident İlham Əliyev Ağ Evdə - I məqalə

1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi, amma onun şirinliyini dada bilmədi. Dünya sovet dövləti niyə çökdü sualına tam cavab tapmamış Cənubi Qafqazı müharibə alovu bürüməyə başladı. Ermənistandan 300 minə qədər azərbaycanlı tarixi torpaqlarından qovuldu və ağır qaçqınlıq həyatını yaşamağa məcbur edildi. Erməni daşnak qüvvələri keçmiş imperiyanın başçılarından Qarabağın ilhaqı ilə bağlı razılıq almışdılar. Erməni lobbisi və erməni diasporu da bu cinayətdə öndə gedirdilər.

Öz ərazi bütövlüyünü qorumaqda böyük çətinliklərlə üzləşən Azərbaycan Qarabağ həqiqətlərini dünyaya çatdırmaqda aciz idi. 70 illik sovet dönəmində erməni millətçilərindən fərqli olaraq Azərbaycan xalqlar dostluğunu tərənnüm edir, proletar beynəlmiləlçiliyini mədh etməklə məşğul idi. Ermənilər isə dünyanı inandırmışdılar ki, guya Qarabağ tarixi erməni torpağıdır, bu torpaqlar Ermənistana birləşdirilməlidir.

Qərb bu münaqişədə birmənalı olaraq Ermənistanı müdafiə etdi. Nufuzlu beynəlxalq təşkilatlar Azərbaycan tərəfini Ermənistanı blokadada saxlamaqda ittiham edirdi. Dünyanın super dövləti ABŞ Konqresi daha irəli gedərək erməni lobbisinin təşəbbüsü ilə 1992-ci ilin oktyabrında “Azadlığa müdafiə aktı”nı, yəni ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi qəbul etdi. Bu düzəlişin qəbulu nəticəsində keçmiş 15 müttəfiq respublika arasında yalnız Azərbaycan ABŞ-ın bu yardımından məhrum edildi. Aradan illər keçdi, amma Azərbaycana münasibət dəyişmədi.

2020-ci ilin payızında erməni işğalı sona çatdı, Azərbaycan öz torpaqlarının sahibi oldu. Dünya güclü bir Azərbaycanın şahidi oldu. Düşmən tərəfindən yerlə-yeksan edilən Qarabağ böyük tikinti meydanına çevrildi. Həm də bu illər ərzində Azərbaycana münasibətdə çox şey dəyişdi. Güclü lider, güclü iqtisadiyyat, güclü ordu hər şeyi yoluna qoydu.

2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etdi. 33 il bundan əvvəl Azərbaycanı Ermənistana görə haqsız cəzalandıran Ağ Ev 907-ci düzəlişə son qoydu. Azərbaycan öz tarixində ilk dəfə olaraq Ağ Evə qalib kimi daxil oldu, ABŞ Prezidenti D. Tramp da Azərbaycanın dövlət başçısını qalib kimi qarşıladı.

2020-ci ilin 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanla sülh müqaviləsinin bağlanması uzun vaxt apardı. Avropa İttifaqı başda olmaqla bir çox nufuzlu təşkilatlar ATƏT-in Minsk qrupunun yolunu getmək istədilər, amma yanıldılar. Çünki ATƏT-in Minsk qrupu Azərbaycanın iradəsinin əlehyinə yaradılan təşkilat idi. O zaman Azərbaycan dünya güclərinə müqavimət göstərmək iqtidarında deyildi. 30 ilə yaxın dövrdə ATƏT-in Minsk qrupu Qarabağın Ermənistana verilməsi üçün dəridən-qabıqdan çıxdı. Amma mənfur arzusunu reallaşdıra bilmədi. Vətən Müharibəsindən sonra Azərbaycanın ilk tələbi ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması oldu. Avqustun 8-də Ağ Ev Azərbaycanın bu tələbinin də qəbuluna şahidlik etdi.
44 günlük Vətən Müharibəsindən beş il keçir. Azərbaycan bu illər ərzində sülh müqaviləsinin bağlanmasına kömək məqsədilə bir çox dövlətlərin təkliflərini nəzərdən keçirdi. Amma təklifləri qəbul etməkdə tələsmədi. Ali Baş Komandanın sözləri ilə desək:”Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu hamıdan yaxşı bilirəm”— bəyan etməklə hamını əmin etdi ki, sükan etibarlı əllərdədir, Azərbaycanı bu yoldan heç kim çəkindirə bilməz.

Prezident İlham Əliyevin ABŞ-a işgüzat səfəri ABŞ-Azərbaycan tarixində yeni səhifənin əsasını qoydu.
ABŞ Azərbaycanla münasibətlərini yeni dövrün tələblərinə uyğun qurmaq istədiyini rəsmən bildirdi. SOCAR və “ExxonMobil” arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması buna əyani misaldır. Azərbaycanla Ermənistan arasında Sulh müqaviləsinin paraflanmasından sonra Azərbaycanla Naxçıvan arasında avtomobil və dəmir yolu ilə bağlı mövcud çətinliklərə son qoyulur, normal gediş-gəliş üçün şərait yaradılır.

1992-ci ildən bizi 33 il ayırır. Azərbaycan bu illər ərzində şərəfli bir yol keçib. Düşmənə əyilmədi, geri çəkilmədi, düşmənin havadarlarının təhdidlərinə ağıllı diplomatiya ilə cavab verdi və bu sərt imtahandan qalib çıxdı. Bu gün Azərbaycan böyük nufuz sahibidir. Qərbin onlarla dövləti qaz təminatını Azərbaycanın hesabına həyata keçirir. Türk dövlətləri arasında yaranan münasibətlər heç bir zaman bu qədər aktual xarakter daşımamışdı. Ərəb dünyası Azərbaycanı nufuzlu bir dövlət kimi tanıyır. Suriyanın ən çətin günlərində Azərbaycan tərəfindən ona göstərilən yardım hamı tərəfindən təqdir olundu. Ukraynanın haqq işinin dəstəklənməsi, ona hərtərəfli humanitar yardımların göstərilməsi Azərbaycanın ədalətli mövqeyini ortaya qoyur.

Düşmən mədəniyyətimizin beşiyi Şuşanı 1992-ci il mayın 8-i işğal etmişdi. 2020-ci il noyabrın 8-i Şuşanı düşmən işğalından azad etdik və hər il Zəfər günümüzü qeyd edirik. Tariximizə bir 8-də əlavə olundu. Bu il avqustun 8-i Azərbaycanın dövlət başçısı İlham Əliyevin və ABŞ-ın dövlət başçısı Donald Trampın Azərbaycan-ABŞ arasında yeni tarixin əsasını qoymaları oldu. Uğurların mübarək,Azərbaycan!

Anar İsgəndər