- Tribuna
- 12:54
- 1 475
Ağ Atın belində əlində Qızıl Açar oynadan ölkə - Azərbaycan!

Cənab Prezidentimiz İlham Əliyev Azərbaycanı Ağ Atın üstündə əlində Qızıl Açar oynadan ölkəyə çevirdi!
Artıq Çindən başlayıb Avropaya gedən yüklər Azərbaycan ərazisindən keçərək yalnız bir yolla - Bakı-Tbilisi-Kars dəmiryolu ilə deyil, üç yolla qardaşımız Türkiyəyə göndəriləcəkdir:
1. Gürcüstandan Bakı-Tbilisi-Kars dəmiryolu ilə.
2. İranın ərazisindən keçərək Naxçıvandan.
3. Ermənistan ərazisindən keçərək.
Qardaş Türkiyə də yükləri artıq bir yolla - Bakı-Tbilisi-Kars dəmiryolu ilə deyil, üç yolla qəbul edəcəkdir: 1. Bakı-Tbilisi-Kars dəmiryolu ilə. 2. Bakı- İran ərazisi-Naxçıvan-İqdır dəmiryolu ilə. 3.Ermənistan ərazisindən keçib Naxçıvana qədər gəlib oradan İqdıra gedən yolla və bərpa olunan Gümrü-Kars dəmir yolu ilə.
Beləliklə, Şərqdən gəlib Avropaya gedən daşımaları bir yolla qəbul edib üç yolla ötürən tək ölkə Azərbaycan, bu yükləri ərazisində üç yolla qəbul edib Avropaya göndərən yenə də tək ölkə qardaşımız Türkiyədir. Azərbaycan bu yükləri qəbul etməsə nə olacaqdır? Türkiyə ərazisindən icazə verməsə nə olacaqdır? Amma niyə icazə verməsinlər ki? Bundan ötrü neçə illərdir çalışmırdılarmı? Bu, Böyük Türk Dünyasının zəfəridir! Azərbaycan, Türkiyə və bütövlükdə Türk Dünyası ilə əməkdaşlıq etmədən bu işlər necə baş tutar? Qızıl Açar Azərbaycanın və Türkiyənin əlindədir!Dünyanın ürəyi olan Avrasiyaya və geriyə, Şərqdən Qərbə, Qərbdən-Şərqə tək rahat və təhlükəsiz yol Azərbaycandan keçir!
Uzun illər ərzində Cənubi Qafqazda münaqişələr yaradıb qan tökənlərin, hökm edənlərin arzuları qursaqlarında qalır. Azərbaycanın dünyada yeri möhkəmlənir, rolu artır, bəzi qütblərdən edilən təzyiqlərin təsiri sıfırdan da aşağı düşür. Azərbaycan əməkdaşlığa tərəfdardır. Görülən yeni işlər sülh və əməkdaşlıq istəyən bütün dünya ölkələrinin və xalqlarının mənfəətinədir.
Son hadisələr tarixdən gələn bir təcrübənin indiki şəraitdə də doğru olduğunu göstərdi: “Türklərlə düşmənçiliklə zarafat etmək olmaz!”
Musa Qasımlı
Aznews.az