Nazir: “Türkiyəyə qanunsuz miqrant axını artıb”

"Miqrasiya probleminin əsas ağırlığı Türkiyənin çiyinlərinə düşür"

Türkiyəyə qanunsuz miqrant axını artıb.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu parlamentdə çıxışı zamanı bildirib.

Daxili İşlər naziri deyib ki, bu ilin əvvəlindən Türkiyə təhlükəsizlik qüvvələri dünyanın bir çox ölkələrindən gəlmiş 423 min miqrant saxlayıb. Əgər 2018-ci ildə Türkiyədə 286 min miqrant saxlanıbsa, bu ilin sonuna belə miqrantların sayı 450 min nəfərə çatır.

S.Soylu bu il ərzində 33 min miqrantın, o cümlədən qadın, qoca və uşaqların qeyri-leqal yolla Egey dənizini keçməyə çalışdığını söyləyib: “Miqrasiya probleminin əsas ağırlığı Türkiyənin çiyinlərinə düşür. Biz çalışırıq ki, Türkiyə qaçqınların və qeyri-leqal miqrantların “ilkin dayanacağı” kateqoriyasından çıxsın”.

Türkiyə Daxili İşlər naziri bu il 99 min miqrantın Türkiyəni könüllü tərk etdiyini də açıqlayıb. Bunların arasında suriyalılar da var. Suriyada yaşanan böhranla əlaqədar bu ölkədən Türkiyəyə ərəb, kürd və türkmənlər də daxil olmaqla, 3,6 milyon miqrantın gəldiyini xatırladan S. Soylu Afrin, Cerablus, Azel, Maare və Əl-Babın terrorçulardan təmizlənməsi nəticəsində 370 min qaçqının torpaqlarına qayıtdığını da nəzərə çatdırıb.(apa.az)

AzNews.az