- Türkiyə
- 21:18
- 929
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə polisin birgə əməliyyatı nəticəsində Yeni ildə terror aktı hazırladığı müəyyən edilən İŞİD terror təşkilatının üzvü İbrahim Burtakuçin Malatyada saxlanılıb.
Aznews.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
MİT-in həyata keçirdiyi kəşfiyyat işləri çərçivəsində İbrahim Burtakuçinin Türkiyədə terror hazırlığı gördüyü müəyyən edilib. Onun ölkə daxilində və xaricdə çoxsaylı İŞİD üzvləri ilə əlaqədə olduğu ortaya çıxıb.
Şübhəlinin yaşayış yerində aparılan axtarışlar zamanı çox sayda rəqəmsal materiallar və qadağan edilən nəşrlər aşkarlanıb.
Ələ keçirilən rəqəmsal materialların yoxlanılması nəticəsində İŞİD-ə aid proqram təminatları, şəbəkənin motivasiya məqsədi ilə istifadə edilən və təşkilata qoşulmağı təşviq edən səs faylları, İŞİD üzvləri və rəhbərlərinə aid görüntülər, həmçinin birgə görüşlərə dair məzmunlar müəyyən edilib.
İbrahim Burtakuçin məhkəməyə çıxarılıb və həbs olunub.