Cəlilabadda qədim qəbirstanlıq aşkarlandı- Video

Məzarlıq rayonun Əsədli kəndinin şərq hissəsində kənddən təxminən 150 metrlik məsafədə yerləşir. Yerli sakinlərin sözlərinə görə ərazidə xeyli sayda daş parçalarının olması sakinlərdə daima şübhələr yaradıb. Lakin son zamanlar burada üzərində xüsusi naxışlar və işarələr olan baş daşının tapılmasından sonra ərazinin qədim qəbiristanlıq olduğu məlum olub.

Tarixçi, Elşad Əmənov: "Burada baş daşları üzərində olan naxışlar, həndəsi fiqurlu naxışlardır, üçbucaq naxışlardı, günəş rəmzləri, səkkiz, 18 güşəli rəmzlər verilib, üstəgəl digər fiqurlar da mövcuddur, yəni məişət əşyalarının da fiqurları verilib".

Qədim məzarlıqdakı əksər baş daşının üzərində astronomik dini ritualların təsvir olması deməyə əsas veri ki, dəfn olunmuş şəxslər atəşpərəstlik dini inancına sahib olublar. Maraqlıdır ki, buradakı baş daşlarının üzərindəki təsvirlərə əsasən məzarda dəfn olunan şəxsin cinsini də müəyyənləşdirmək mümkündür. Məsələn, bu baş daşınında naxışlarla yanaşı su qabının təsviri məzarda dəfn olunanın qadın olmasına işarədir. Kişi baş daşları üzərində isə məişət əşyalarını silah təsvirləri əvəz edir. Bütün bunlara baxmayaraq baş daşlarında hər hansı bir yazı nümünə mövcud deyil.

Tarixçi, Elşad Əmənov: "Baş daşları üzərində yazılar yazılana qədər, bizim yer üçün xarakterik olan cəhət odur ki, 13-14 cü əsrlərə qədər həndəsi fiqurlar əksəriyyət təşkil edib, əsasən yəni baş daşları üzərində həndəsi fiqurlar gedir. 13-14-cü əsrlərdən sonrakı dövrlərdə nəbati naxışlar dan da istifadə olunub. Sonra isə qarışıq yəni yazılardan da istifadə olunub".

Əsədli kəndində "Kürüştikan" adlanan ərazidə tapılan məzarlığın 3-4-cü əsrlərdə aid olduğu güman olunur. Mövcud tapıntılarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institutuna da məlmat veilib və gələn il ərazidə kəşfiyyat xarkterli qazıntı işlərinin aparılması nəzərdə tutulub.(ANS TV)