Mirşahinin seçki hesabatı- VİDEO

Bu həftə xalq öz birinci şəxsini seçdi və öz yaxın beş ilini inandığı, etibar etdiyi əllərə tapşırdı. Bu seçkidə müxalifətin qalib gələcəyinə və ya İlham Əliyevin məğlub olacağına böyük əksəriyyət inanmırdı. İlham Əliyev bütün möhlət boyu, xüsusilə son bir ildə göstərdiyi nəticələrlə rəqiblərindən sıçrayaraq irəli çıxmışdı. Müxalifət isə yalnız seçki ilində bir qədər fəallaşmışdı və bu fəallıq daha çox onun nəzarəti altında olan mətbuatda hiss olunurdu.

Mübarizə taktikasını Milli Şura ideyası zəminində formalaşdıran müxalifətçilər Rüstəm İbrahimbəyova çox vaxt itirdilər. Büdcələrini daha çox kənar qüvvələrin siyasi və mənəvi investisiyası ilə formalaşdıran qüvvələr İbrahimbəyov faktoruna həm də ona görə üstünlük verirdilər ki, bir ara Moskva-Bakı soyuqlaması müşahidə olunurdu. İlham Əliyevin opponentləri də öz aləmlərində İbrahimbəyov faktorundan bir az da buna görə bəhrələnəcəklərinə inanırdılar.

Test belə idi: Əgər Putin Bakıya səfərini təxirə salsa deməli Rüstəmi də Rusiya vətəndaşlığından çıxaracaq və bununla da ona Azərbaycanda prezident seçkilərində iştirak etməyə xeyir-dua vermiş olacaq. Yox əgər, Putin Bakıya gələrsə… Bu fərziyyə isə hətta nəzəri olaraq da müzakirə olunmurdu. Çünki İlham Əliyevin rəqibləri bu fikri ümumiyyətlə yaxın buraxmağa hazır deyildilər. Buna qarşı variantları yox idi. İbrahimbəyov isə Rusiya vətəndaşlığından imtina edəcəyinə kişi kimi söz vermişdi. Müxalifətin köhnə kişiləri də bu sözə inanmağa borclu idilər. Amma məşhur kinossenarist ssenarisinə qəfil dəyişiklik etdi. Müxalifətin yeni vahid namizədi müəyyənləşdiriləndə isə artıq çox gec idi. Vaxt itirilmişdi.

Milli Şuranın namizədi Cəmil Həsənli isə özünü qəflətən prezident postu yaxınlığında gördü. Heç vaxt arzulamadığı bir vəzifə uğrunda təsadüfən mübarizəyə qalxan tarixçi ilk dəfə idi ki, özünü tarixə bu qədər yaxın görürdü. Müxalifətin vahid namizədi-məzmunca yeni olmalı idi. Amma Rüstəm İbrahimbəyovdan ziyalı iddiaçı obrazının estafetini qəbul edən Həsənli elə ilk debatdaca nümayiş etdirdi ki, onun çıxışları daha çox emosianal olacaq, fundamental tədqiqata və platforma mahiyyətinə layiq mövqeyə əsaslanmayacaq, İlham Əliyevin ünvanına mətbuat ucqarında dəfələrlə səslənmiş fikirlərin efir vasitəsilə leqalaşdırılmasına xidmət edəcək. İlk dəfə idi ki, müxalifət cəmiyyətə öz liderlərindən birini yox, açıq siyasətdən uzaq, daha çox elmi fəaliyyətlə məşğul olan bir adamı öz namizədi kimi təqdim edirdi. Bu əslində bir etiraf idi.

Klassik liderçiliyin bir fayda gətirməyəcəyini bəri başdan etiraf edən İsa Qəmbərin, Əli Kərimlinin və digər ümumişlək siyasi vahidlərin növbəti dəfə uduzulacaq aqibətlərini xilas etmək və ya siyasi əcəllərini heç olmazsa bu dəfə çaşdırmaq cəhdləri. Düşündülər ki, qoy bu dəfə də bir başqası uduzsun. Cəmil Həsənlinin, heç vaxt radikal çıxışları ilə seçilməyən, əksinə müxalifətin mötədil qanadını təmsil edən ağsaqqal kimi fərqlənən hörmətli elm xadiminin öz çıxışlarını belə sərt, bəzən təhqir həddində qurması isə yəqin ki, onun təcrübəsizliyindən irəli gəlirdi. Necə deyərlər Cəmil Həsənliyə tale ahıl vaxtında siyasət uşağının ilanboğan vaxtını yaşatmaqda idi. Müxalifətdə saç-saqqal ağartmış xadimlər isə bu eksperiment liderə diqqətlə baxır, qulaq asır bəlkə də öz gələcək fəaliyyətlərini onun çıxışlarının aqibətindən dərs çıxararaq qurmağı düşünürdülər. Sadəlövh Cəmil Həsənli isə öz işində, öz çıxışında idi.

Bu seçkilərdə müxalifətin vəziyyətini naqolay edən bir mühüm amil də var idi. Müxalifət işə qarşı sözlə mübarizə aparırdı. Müxalifətin etməyə söz verdiklərini İlham Əliyev artıq etdikləri ilə qarşılayırdı.

ANS-PRESS saytının seçkiyə bir ay qalmış başladığı sorğu elə ilk gündən göstərirdi ki, hakimiyyətin təmsilçisi rəqiblərini 10 dəfə qabaqlayır. Təsadüfi deyil ki, İlham Əliyevin seçkidə göstərdiyi son nəticə bu sorğunun onunla bağlı nəticələrini demək olar ki, təsdiqlədi.

Cəmil Həsənlinin nəticəsi ilə başqa bir statistikanı tutuşdurmaq istərdim. 6 faizə yaxın… Bu faiz Azərbaycanda olan yoxsulluğun səviyyəsini tam əks etdirir - 5,2 faiz. Belə çıxır ki, Milli Şuranın lideri məhz narazı kütlənin səsini yığıb. Deməli yoxsulluğun səviyyəsi azaldıqca bu elektorat da azalacaq. Prezident isə yoxsulluğun səviyyəsinin bundan sonra da azalacağını bəyan edir. Deməli növbəti seçkilərdə bu faiz yoxa qədər azala bilər…

İlham Əliyevin qələbəsi bir partiyanın qələbəsi deyildi. Bu Azərbaycanın müstəqilliyini, dövlət başçısının Qarabağ məsələsində güzəştsizliyini müdafiə edən ideoloji xəttin əldə etdiyi nəticə idi. Və yəqin elə buna görədir ki, İlham Əliyev seçkinin ilkin nəticələri və artıq qələbənin təmin olunduğu bəlli olanda Yeni Azərbaycan Partiyasının qərargahına yollanmadı, bəzi həmkarları kimi minnətdarlığını partiyadaşlarının məhdud kontingentinə bildirməklə firqəçilik etmədi, prezident kimi öz kabinetindən təşəkkürünü bütöv bir xalqa bildirdi və bununla da əldə olunmuş uğuru ayrıca bir partiyanın monopoliyasından çıxardı və xalqın xidməti elan etdi.

Seçki bir sıra başqa yekunları ilə də maraqlı oldu. Əvvəla aydın oldu ki, Azərbaycanda artıq oturuşmuş, sabit, sözə yox, işə fikir verən elektorat var və onu aldatmaq mümkün deyil.

İkincisi, hakimiyyət bu seçkiyə daha yaxşı hazırlaşmışdı. Bu dəfə Azərbaycanda seçkinin nəticələrini elə Avropanın ən nüfuzlu qurumları- AŞPA, Avropa Birliyi təqdir etdi. Elə buna görə də ATƏT-in bir qolunun neqativ reaksiyası özünəməxsus şikəstlik təsirindən uzağa getmədi. Elə ATƏT-in özündə bir təfriqə yarandı. Yarısı bəyəndi, yarısı yox. Əlbəttə səhvlər, ciddi nöqsanlar var idi, amma bütün bunlar seçkinin nəticələrinə təsir göstərəcək həddə deyildi. Hakimiyyət qərbin arzuladığı hər şeyi verdi. Debat istəmirsiz? Buyurun. Hələ sizin xətrinizə bir plastik Hacıyev kokteyli. Mitinq keçir könlünüzdən? Buyurun. Bura ucqarın, bura isə şəhərin içinin mitinqi. Bir sözlə ağlına gələni də, ağzına gələni də danışmaq üçün yer var.

Azərbaycan müstəqildir. Bu həm milli sərvətdir, həm də milli əziyyət. Bəs necə bilirdik? Elə bilirdik ki, Azərbaycan gücləndikcə, inkişaf etdikcə hamı razı qalacaq. Azərbaycanı zəif görmək, onun idarə olunmasında iştirak etmək istəyən dövlətlər də az deyil. Bu dövlətin varlanması, regionda öz sözünü diqtə etməsi nə qədər dövlətə sərf etmir. Qarabağ məsələsində Azərbaycanı yeni və zərərli mövqeyə təhrik etmək üçün nə qədər cəhdlər var?

Yeri gəlmişkən, Milli Şura ilə İlham Əliyevin bu məsələdə təməl fərqi var idi. Rüstəm İbrahimbəyov kimi Cəmil Həsənli də hesab edir ki, Qarabağ mübahisəli ərazidir. Rüstəmi bəlkə də bir kosmopolit dramaturq kimi lənətləməmək olar. Amma axı tarixçi Cəmil Həsənli də, özü də "Guardian"da Qarabağı mübahisəli ərazi adlandırır. Və iki illik hakimiyyətə gəlmək istəyirdi. Təhlükəli deyil?

İlham Əliyevin mövqeyi isə budur.

"Münaqişənin həlli qaçılmazdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Dağlıq Qarabağda, Şuşada, Xankəndidə, digər işğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq. Və əvvəlki çıxışlarımda qeyd etdiyim kimi nəinki işğal edilmiş torpaqlarda azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bu bizim suveren hüququmuzdur. Bu gün biz nəinki Dağlıq Qarabağda bizim soydaşlarımız zorla çıxarılıbdır. Bizim tarixi torpağımız olan İrəvandan, Zəngəzurdan bizim soydaşlarımız deportasiya edilib".

Amma təzyiqlər təkcə Qarabağ problemi vasitəsilə deyil.

…Seçkilər bitdi. Hakimiyyət qələbəni həmişəki kimi bayram edir. Müxalifət məğlubiyyətlə barışmır. Elə o da həmişəki kimi. Azərbaycan dövləti isə öz təqviminin adi günlərini yaşmağa başladı. Biz bu ay da BMT Təhlükəsizlik Şurasının sədri kimi Nyu-Yorkdan dünyanın idarə olunması prosesinə rəhbərlik edəcəyik…(anspress)



AzNews.az