Ramil Usubov Serbiyada ikigünlük rəsmi səfərdə olub. Ramil Usubov Serbiyada ikigünlük rəsmi səfərdə olub.
  • Qərb
  • 28 Noyabr 2018 15:22
  •  2 300

Ramil Usubov Serbiya prezidenti ilə görüşdü

Ramil Usubov Serbiyada ikigünlük rəsmi səfərdə olub.

Serbiyanın Baş nazirinin müavini - daxili işlər naziri Neboyşa Stefanoviçin dəvəti ilə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə ikigünlük rəsmi səfərdə olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, R.Usubov və onu müşayiət edən şəxslər Belqrad şəhərində ulu öndər Heydər Əliyevin şərəfinə ucaldılan abidəninin önünə əklil qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Həmin gün Serbiya Prezidenti Aleksandr Vuçiç nazir R.Usubovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Serbiya Prezidenti cari ilin may ayında Azərbaycana ilk rəsmi səfərini, ən yüksək səviyyədə aparılan danışıqları və imzalanmış sənədləri məmnunluqla xatırladaraq ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsinə hər zaman böyük önəm verdiyini, bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmində olduqlarını diqqətə çatdırıb. Beynəlxalq arenada hər iki dövlətin biri-birinin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, olduqca mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Prezident İlham Əliyevin liderliyi altında ölkənin son illər böyük uğurlara imza atdığını deyən A.Vuçiç Azərbaycanın öz milli maraqlarına xidmət edən müstəqil siyasət apardığını, dünyada nüfuzunun artdığını vurğulayıb, səmimi salamlarını və ən xoş arzularını dövlət başçımıza çatdırmağı xahiş edib.

Daha sonra Serbiyanın baş nazirinin müavini - daxili işlər naziri Neboyşa Stefanoviç general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Serbiyalı nazir dövlət başçılarının siyasi iradəsinə və dostluq münasibətlərinə uyğun olaraq son illər iki ölkə arasında bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini, qarşılıqlı əlaqələrin hər iki dövlətln milli maraqlarına cavab verdiyini vurğulayıb.

N.Stefanoviç bənzər münaqişələrdən əziyyət çəkən hər iki dövlətin bir sıra problemlərə dair beynəlxalq müstəvidə eyni mövqedə olduğunu, yaxın dost saydıqları Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını, bu səfərin də əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcəyinə inandığını bildirib.

R.Usubov Azərbaycanın tarixən Balkan dövlətləri, o cümlədən Serbiya ilə dostluq əlaqələrinin mövcudluğunu məmnunluqla diqqətə çatdırıb. İkitərəfli münasibətlərin qurulmasına və inkişafına ulu öndər Heydər Əliyevin xüsusi önəm verdiyini, qarşılıqlı səfərlər, aparılan danışıqlar və imzalanmış sənədlər sayəsində əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan general-polkovnik Ramil Usubov 2010-cu il mayın 13-də Bakıda imzalanmış "Azərbaycan Respublikasının Hökuməti ilə Serbiyanın Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in bu baxımdan iki ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin qurulmasında əhəmiyyətli rolunu xatırladıb.

Daha sonra o, ölkədə cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən tədbirlər, müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlər, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar, ictimai-siyasi sabitliyin, əmin-amanlığın bərpası istiqamətində hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördükləri işlər barədə məlumat verərək bu gün də həmin siyasətin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini bildirib.

Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının vacibliyini vurğulayıb.

Sonda daxili işlər nazirləri “Serbiya Respublikasının Kriminalistika və Polis Araşdırmaları Akademiyası ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Daha sonra nazirlər mətbuat üçün qısa bəyanatlarla çıxış ediblər.

Həmin gün Serbiya Respublikası Milli Assambleyasının sədri Maya Qoykoviç general-polkovnik R.Usubov və nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Səfərin sonunda daxili işlər naziri R.Usubov və onu müşayiət edən şəxslər Xüsusi Anti-Terror Qrupunun yerləşdiyi əraziyə gələrək, adıçəkilən qurumun fəaliyyəti, onların təlim-məşq prosesi və texniki təminatı ilə yaxından tanış olublar.

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov qəbullar və görüşlərdə iştirak edib.

© AzNews.az

image description