“Sarı jiletlilər hərəkatı dərin ədalətsizlik duyğusunu aşılayır” “Sarı jiletlilər hərəkatı dərin ədalətsizlik duyğusunu aşılayır”
  • Qərb
  • 26 Aprel 2019 10:12
  •  4 034

Makrondan daşları yerindən oynadacaq açıqlama - "Növbəti seçki vecimə deyil"

“Sarı jiletlilər hərəkatı dərin ədalətsizlik duyğusunu aşılayır”

Fransa prezidenti Emmanuel Makron sarı jiletlilər aksiyasının problemlərinə həll yolu tapmaq və onların tələblərinə cavab vermək üçün ölkə çapında təşkil olunan “milli müzakirə” iclasından sonra Yelisey Sarayında mətbuat konfransı keçirib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Makron sarı jiletlilərin etirazının davam etdiyini və dekabr ayında onların tələbləri ilə bağlı bəzi düzəlişlər etdiyini xatırladıb.

Makron ölkədə son iki ildə aparılan islahatların doğru olduğunu deyib:

“Sarı jiletlilər hərəkatı dərin ədalətsizlik duyğusunu aşılayır”.

Makron ölkədə səs vermə məcburiyyətinin gətirilməsi ilə bağlı tələbin doğru olmadığını və hazırki problemləri həll etmədiyini deyib.

O, xalqın referenduma gedə bilməsi üçün lazım olan imza sayının 4.5 milyondan 1 milyona enməyəcəyini və 2022-yə qədər bələdiyyə sədrlərinin razılığı olmadan şəhərlərdə məktəb və xəstəxanaların bağlanılmayacağını qeyd edib.

Makron işləyən vətəndaşların ödəməli olduğu gəlir vergisinin azaldılacağını bildirib. Şirkətlərin də ödəməli olduğu bəzi vergilərin ləğv ediləcəyini və daha yaxşı təhsil vermək üçün siniflərin 24 şagirdi keçməyəcəyini açıqlayıb.

Makron 2 min avrodan az olan təqaüdlərə 1 yanvardan etibarən düzəliş ediləcəyini bildirib.

Təqaüd sisteminin daha ədalətli olması və təqaüdlərin ən azı min avro olacağını deyən Makron, iqlim dəyişikliyi ilə mübarizənin ölkənin və Avropanın qəlbində aparılacağını ifadə edib.

Şengenin nəzərdən keçirilməsi barədə əvvəlki təklifini genişləndirilməsinin vacib olduğunu qeyd edən Makron “sərhədlərini qoruyan Avropa” istədiyini deyib.

Makron 26 Avropa İttifaqı ölkəsi üçün immiqrasiya proseslərini bir yerə yığan Şengenin indiki vəziyyətində “artıq işləmədiyini” iddia edib.

O, sığınacaq üçün lazımi şərtlərə sahib olan şəxslərin ölkəyə qəbul edilməsini vurğulayıb.

Ölkənin qaçqın siyasəti ilə bağlı hər il parlamentdə toplantı təşkil ediləcəyini deyən Makron sığınacaq haqqını sui-istifadə edənlərə qarşı mübarizə aparılacağını deyib.

Makron hazırda hər hansı mövzuda referenduma getməyi düşünmədiyini, ancaq lazım gələrsə, ediləcəyini bildirib.

Fransa elitasının məktəbi sayılan və dövlətə rəhbər yetişdirməsi ilə tanınan Milli İdarəçilik Məktəbini (ENA) bağlamaq istədiyini qeyd edən Makron, 2004-cü ildə məzun olduğu ENA-nın yerinə daha yaxşı bir təhsil ocağı yaradılmalı olduğuna diqqət çəkib.

Makron jurnalistlərdən birinin 2022-ci ildə keçirələcək prezident seçkilərində yenidən namizəd olub olmayacağı ilə bağlı sualına belə cavab verib:

“Növbəti seçki vecimə deyil. Vəzifəmi uğurla başa vurmaq istəyirəm. Ölkəmin uğurlu olmasını istəyirəm, çünki onu hər şeydən çox sevirəm. Mən bu gün bunu fikirləşmirəm. 5 il əvvəl də bunu fikirləşmirdim”.

Millət vəkili və senatorların sayının 25-30% azaldılacağını bildirən Makron parlamentdə bütün siyasi partiyaların mütənasib təmsil ediləcəyini deyib.

Xatırladaq ki, Makron keçən bazar ertəsi verəcəyi açıqlamanı Notr-Dam kilsəsində baş verən yanğın səbəbi ilə təxirə salmışdı.

Ölkə çapında təşkil olunan “milli müzakirə” iclası 3 ay çəkib. Maye yanacağın qiymətinin artması və pis iqtisadi şəraitə etiraz olaraq başlayan, daha sonra Makron rəhbərliyinə qarşı çıxış edən sarı jiletlilər üsyanı 17 noyabr 2018-cu ildən bəri davam edir.

Hökumətin verdiyi məlumata görə, nümayişlərdə indiyə qədər 11 nəfər ölüb, 2 mindən çox insan xəsarət alıb. Etirazlar zamanı 8 min 400-dən çox insan saxlanılıb. Onlardan minə yaxın şəxsə həbs cəzası verilib.

Pərvanə Ağazadə

AzNews.az