• Qərb
  • 29 İyul 2019 12:20
  •  1 075

Boris Consonun “Brexit” vədi Britaniyaya 100 milyona başa gələcək

Britaniyada İkinci Dünya müharibəsindən bəri bu cür irimiqyaslı aksiya olmayıb

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkənin Aİ-dən sazişsiz çıxmağının reklam kampaniyasını keçirməyi planlaşdırır.

AzNews.az xəbər verir ki, bu barədə “The Guardian” hökumətin məlumatlı mənbələrinə istinadən bildirir.

Məlumata əsasən, növbəti üç ay ərzində bu məqsədlər üçün 100 milyon funt (210 mln AZN) sərf olunacaq.

Nəşr qeyd edir ki, yaxın günlərdə Britaniya Xəzinədarlığının kansleri Sacid Cavid “Brexit”in "sərt" variantına hazırlıq üçün 1 mlrd funt həcmində əlavə xərclər planını açıqlamalıdır.

Mənbələrin verdiyi məlumata əsasən, bu məbləğin onda bir hissəsi reklam kampaniyası, o cümlədən məlumat vərəqələrinin hər evə çatdırılması üçün nəzərdə tutulub.

Xəzinədarlığın adı açıqlanmayan məmurunun sözlərinə görə, Britaniyada İkinci Dünya müharibəsindən bəri bu cür irimiqyaslı aksiya olmayıb.

Xatırladaq ki, Conson Baş nazir seçildikdən sonra öz proqram nitqində bildirib ki, o, ölkəsini Aİ-dən oktyabrın 31-də "nəyin bahasına olur-olsun" çıxaracaq.

Nigar Orucova

AzNews.az