Ərdoğanın istədiyi oldu - ABŞ-Türkiyə razılaşması Vaşinqton mediasında

"Razılaşmanın qalibi ABŞ deyil"

Donald Trampla Rəcəb Tayyib Ərdoğanın əldə etdiyi razılaşma ABŞ mediasında geniş müzakirələrə səbəb olub.

AzNews.az xəbər verir ki, Birləşmiş Ştatların aparıcı qəzetlərindən olan “Washington Post” və “New York Times”ın razılaşma ilə bağlı yazdığı başlıqlar diqqət çəkib.

“Washington Post” xəbəri “Ərdoğanın istədiyi oldu” başlığı ilə təqdim edib. Yazıda "Türkiyə Suriyanın şimalında təhlükəsiz bölgə və PKK/YPG-nin oradan çıxarılmasını istəyir", "Razılaşma ilə birlikdə ABŞ Türkiyənin bu tələbini qəbul etdi” deyilir.

“New York Times” nəşri isə mövzuya daha maraqlı yanaşaraq xəbəri “Türkiyənin Trampa qarşı zəfəri” başlığı ilə dərc edib. Davamında isə "Razılaşmanın qalibi ABŞ deyil, Rusiya, İran, Türkiyədir" yazılıb.

Digər tərəfdən ABŞ-ın qabaqcıl senatorlarından olan və Türkiyəyə qarşı sərt mövqeyi ilə yadda qalan Lindzi Qraham razılaşmaya şans verilməli olduğunu deyib. O, Türkiyə və ABŞ hökumətinin bu 120 saat ərzində necə davranacağına baxmaq və müddəti dəyərləndirmək lazım olduğunu vurğulayıb.

Beləliklə, Vaşinqtonda media Türkiyənin bu razılaşmadan qazanclı çıxdığı qənaətindədir.

Pərvanə

AzNews.az