- Qərb
- 15 Noyabr 2019 11:08
- 3 303
Tural Gəncəliyev ABŞ-dakı sinaqoqda çıxış etdi
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb
Los-Ancelesdə fəaliyyət göstərən, ABŞ-ın ən böyük yəhudi sinaqoqlarından olan Nessah Sinaqoqunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətinin ifşasına həsr olunmuş geniş tədbir keçirilib.
Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
400-dək iştirakçının, o cümlədən tanınmış din xadimlərinin, müxtəlif nüfuzlu yəhudi təşkilatlarının rəhbərlərinin, jurnalistlərin, elm və mədəniyyət xadimlərinin, universitet professorlarının, xarici ölkələrin diplomatlarının qatıldığı tədbir Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilib.
Yarım milyon erməninin yaşadığı və Nikol Paşinyanın “erməni diasporu”nun paytaxtı adlandırdığı Los-Ancelesdə Qarabağ həqiqətlərinin obyektiv şəkildə təqdim olunması yerli erməni lobbisini narahat edib. Ancaq erməni lobbisinin tədbirin qarşısını almaq cəhdləri uğursuzluqla nəticələnib.
Tədbirdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev, icma üzvləri Gülməmməd Məmmədov və Xocalı şahidləri Dürdanə Ağayeva və Ceyhun Ələkbərov iştirak ediblər.
Azərbaycanın, ABŞ-ın və İsrailin dövlət himnlərilə başlayan tədbirdə Azərbaycan himninin son sözləri bütün tədbir iştirakçıları tərəfindən birgə ifa edilib.
Tədbirdə çıxış edən Sinaqoqun baş ravvini Devid Şofet, Sinaqoqun rəhbərlərindən olan İsaak Yomtovian və Aşe Eşağpur, eləcə də IAJF təşkilatının prezidenti Susan Əzizzadə dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan anti-semitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və dinc şəraitdə birgə yaşamalarının, tam dini etiqad azadlığına malik olmalarının olduqca təqdirəlayiq olduğunu qeyd edərək, buna görə Azərbaycan Prezidentinə və xalqına öz təşəkkürlərini çatdırıblar.
Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev multikulturalizmin bir dövlət siyasəti kimi bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında böyük uğurla həyata keçirildiyini, Azərbaycan tolerantlığının bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıb.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə geniş məlumat verən N.Ağayev bu ədalətsizliyin bu gün də davam etdiyini diqqətə çatdırıb. Diplomat bildirib ki, həm işğal, həm də azərbaycanlı məcburi köçkünlərin elementar insan haqlarının Ermənistan tərəfindən kobudcacına pozulması barədə ABŞ ictimaiyyətini məlumatlandırmaq üçün Dağlıq Qarabağın azərbaycanlı icması Los-Ancelesə səfərə gəlib və bu onların icma olaraq xaricə ilk səfəridir.
Daha sonra çıxış edən Tural Gəncəliyev, Gülməmməd Məmmədov və Dürdanə Ağayeva Ermənistanın təcavüzü nəticəsində özlərinin və ailə üzvlərinin məruz qaldıqları iztirabları, işğal olunmuş ərazilərdə məcburi köçkünlərə məxsus evlərin dağıdılması, ya da satışa çıxarılması, tarixi, dini və mədəniyyət abidələrimizin, qəbirstanlıqların tamamilə məhv edilməsi və ya alçaldılması kimi vəhşilikləri konkret faktlarla bölüşüblər.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar Azərbaycana qarşı bu ədalətsizliyi qınadıqlarını bildirərək, bu haqda əldə etdikləri məlumata görə təşəkkürlərini bildiriblər.
AzNews.az