• Qərb
  • 27 Sentyabr 2023 17:27
  •  3 464

Latviya polisi ictimaiyyətdən nəqliyyat vasitələrinin üzərindəki Rusiyayönlü simvolları bildirməyi xahiş edib

Latviyada polisə nəqliyyat vasitələrinin üzərində Rusiyanı açıq şəkildə dəstəkləyən simvolları bildirmələri istənilib.

Aznews.az xəbər verir ki, Latviyanın İctimai Yayımçısı LSM-in məlumatına görə, əvvəlki araşdırmalarda Rusiyanı açıq şəkildə dəstəkləyən simvollar ictimai sahədən böyük ölçüdə silinib.

Lakin Latviyada Rusiyanı dəstəkləyən insanlar müxtəlif stikerlərlə dəstəklərini ifadə etməyə başlayıblar.

Məlumatda, Estoniya nümunəsi verilərək, “Son zamanlar Estoniyadakı Kreml tərəfdarları avtomobillərinə mütəşəkkil şəkildə “Mən rusam”, “Güc doğrudur” sözləri və ya simvolik rus ayı stikerləri yapışdırmağa başlayıblar. Estoniya polisi bu kimi hallarda cəza tətbiq edib və stikerlərin götürülməsinə göstəriş verib" ,-deyə bildirilib.

Latviyada camaatdan avtomobillərin üzərindəki oxşar stikerləri polisə bildirmələri xahiş olunub. Polis həmçinin ictimaiyyəti stikerləri çıxarmaqdan, nəqliyyat vasitələrinə ziyan vurmaqdan və sürücülərinə yaxınlaşmaqdan çəkinməyə çağırıb.

Latviya qanunlarına görə, ictimai yerlərdə hərbi təcavüzü və müharibə cinayətlərini tərənnüm edən simvollardan istifadə edənlər 350 avroya qədər cərimələnə bilər. Polisin stikerlərin çıxarılması tələbinə əməl olunmazsa, bu cərimə 700 avroya qədər ola bilər.

Mövsüm