- Qərb
- 16:23
- 1 851
Avropada müdafiə sahəsində investisiya rekord həddə çatıb: 8.7 milyard dollar
Avropada müdafiə, təhlükəsizlik və dayanıqlılıq sahəsində fəaliyyət göstərən startaplara yatırılan investisiyalar 2025-ci ildə rekord səviyyəyə yüksələrək 8,7 milyard dollar təşkil edib.
Startap ekosistemi üzrə məlumatlar təqdim edən “Dealroom” tədqiqat qurumu və NATO tərəfindən yaradılan, mərkəzi Amsterdamda yerləşən “NATO Innovation Fund” -un birgə hesabatına görə, Avropada bu sahədə fəaliyyət göstərən startaplar 2025-ci ildə ümumilikdə 8,7 milyard dollar investisiya cəlb edib. Bu göstərici əvvəlki illə müqayisədə 55 faiz artım deməkdir.
İnvestisiyalardakı artımda xüsusilə iri həcmli maliyyələşmə razılaşmaları mühüm rol oynayıb. Böyük investisiya razılaşmalarının ümumi həcmi 4,7 milyard dollara çataraq ötən ilə nisbətən əhəmiyyətli dərəcədə yüksəlib.
2025-ci ildə müdafiə və təhlükəsizlik sahəsində ən çox investisiya cəlb edən ölkə Böyük Britaniya olub. Almaniya isə ikinci yerdə qərarlaşıb və son illərdə sektorda davamlı böyüməsini qoruyub.
Almaniya və Niderlandda vençur kapitalı yatırımlarının mühüm hissəsi müdafiə və təhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlərə yönəlib.
Orta və Şərqi Avropa regionu investisiya sayındakı artımla ən sürətlə böyüyən bölgə kimi diqqət çəkib.
Şəhərlər arasında Münhen müdafiə və təhlükəsizlik texnologiyaları sahəsində Avropada ən çox investisiya cəlb edən mərkəz statusunu qoruyub. Sofiya və Oslo isə investisiya artımı ilə seçilən digər şəhərlər sırasında yer alıb.
Mövsüm,
AzNews.az