Fransa hökuməti tədbir gördü! "Antisionizm cəzalandırılacaq"

Fransa hökuməti siyonizm əleyhinə çağırışların cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini aprel ayında parlamentin gündəliyinə daxil etməyi planlaşdırır.

Bu barədə Fransanın Baş naziri Sebastian Lekornu Parisdə keçirilən CRIF-in (Yəhudi Qurumları Nümayəndələri Şurası) ənənəvi 40-cı şam yeməyində çıxışı zamanı bildirib. Tədbirdə 20 nazir və müxtəlif siyasi xadimlər iştirak ediblər.

Lekornu çıxışında Fransanın Avropada yəhudiləri vətəndaş kimi tanıyan ilk ölkə olduğunu vurğulayaraq, “Yəhudilərə qarşı nifrət – Respublikaya qarşı nifrət və Fransanın alçaldılması deməkdir” deyib.

Baş nazir qeyd edib ki, bu gün özünü “siyonizm əleyhdarı” adlandıranların mövqeyi sadəcə siyasi tənqid deyil, “İsrail dövlətinin mövcudluq hüququnun inkarı” anlamına gəlir. Onun sözlərinə görə, “Dənizdən İordan çayına qədər” ifadəsi də İsrailin ləğvinə çağırış kimi qiymətləndirilməlidir.

Lekornu bildirib ki, hökumət deputat Karolin Yadan tərəfindən irəli sürülən qanun layihəsini aprel ayında parlament müzakirələrinə çıxaracaq. Layihə dövlətin mövcudluğunun inkarını və İsrailin nasist rejimi ilə müqayisə edilməsini cəzalandırmağı nəzərdə tutur.

Fransanın İsrailin mövcudluğunu dəstəklədiyini deyən Lekornu, yəhudi əleyhinə bəyanatlar səsləndirən şəxslərin siyasətdən uzaqlaşdırılmasının da qanuniləşdirilməli olduğunu vurğulayıb.

Eyni zamanda, fransız deputat Qabriela Kathala sosial şəbəkədə paylaşım edərək Baş nazirin açıqlamalarını sərt tənqid edib. O bildirib ki, bu təşəbbüsün qüvvəyə minməsinin qarşısını almaq üçün mübarizə aparacaqlar.

Qanun layihəsi ölkədə müzakirələrə səbəb olub. Fələstin tərəfdarları və solçu deputatlar hesab edirlər ki, təşəbbüs yəhudi əleyhinə çağırışlarla mübarizə adı altında İsrail hakimiyyətinə yönəlmiş tənqidləri də cəzalandırmaq üçün istifadə oluna bilər.

Mövsüm,

AzNews.az