- Qərb
- 20:52
- 801
Rutte: Ukraynada sülh olmadan Avropada əsl sülh ola bilməz
NATO-nun baş katibi Mark Rutte Ukraynada ədalətli və davamlı sülh olmadan Avropada əsl sülhün mümkün olmadığını bildirib və Kiyevə hərbi və siyasi dəstəyin davam edəcəyini vurğulayıb.
NATO-nun baş katibi Mark Rutte Brüsseldəki NATO qərargahında Ukraynanın NATO Missiyasının rəhbəri Alyona Getmançukla birlikdə Rusiya-Ukrayna müharibəsinin 4-cü ildönümü münasibətilə bəyanat verib.
Rutte bildirib ki, NATO müharibənin əvvəlindən bəri Ukraynanın tərəfindədir və əlavə edib : "Bu gün sizinləyik və qarşıdakı çətinliklərdə də sizinlə olacağıq".
Üç həftə əvvəl Ukraynaya səfər etdiyini və Rusiyanın hücumlarının yaratdığı dağıntıları öz gözləri ilə gördüyünü deyən Rutte, "Ukrayna xalqı ədalətli və davamlı bir sülhə layiqdir. Onların təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Ukraynada əsl sülh olmadan Avropada əsl sülh ola bilməz",-deyə qeyd edib.
Rutte Ukraynanın hərbi, maliyyə və humanitar dəstəyə ehtiyacı olduğunu bildirib və əlavə edib ki, təkcə yardım vədləri müharibəyə son qoymayacaq.
"Ukraynanın qan tökülməsi dayanana qədər bu gün və hər gün sursata ehtiyacı var", - deyə Rutte bildirib və Rusiyanın döyüş meydanında məqsədlərinə çata bilmədiyini iddia edib.
Rutte həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin sülhə ciddi yanaşdığını nümayiş etdirməlidir.
Rutte əlavə edib ki, müharibə bitərsə, sülh Ukrayna qüvvələri və Avropa ölkələri, Kanada və ABŞ tərəfindən təmin edilən təhlükəsizlik zəmanətləri ilə qorunmalıdır və əlavə edib ki, bu, Ukraynanın yenidən qurulması və sabitləşdirilməsi üçün əsas təşkil edəcək.
Mövsüm,
AzNews.az