- Qərb
- 14:19
- 940
Almaniya ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi: Berlində mübahisələr başlayıb
Almaniyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 2027–2028-ci illər üçün qeyri-daimi üzv seçilə bilməməsi ölkədə geniş müzakirələrə səbəb olub.
BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasının iki illik müddət üçün beş yeni qeyri-daimi üzvünün seçilməsi məqsədilə gizli səsvermə keçirilib.
Səsvermənin ilk turunda Afrika qrupundan Zimbabve 182, Latın Amerikası və Karib hövzəsi qrupundan isə Trinidad və Tobaqo 181 səs toplayaraq Təhlükəsizlik Şurasına üzv seçilib.
Qərbi Avropa və Digər Dövlətlər qrupunda isə Avstriya, Almaniya və Portuqaliya Təhlükəsizlik Şurasında açılan iki yer uğrunda mübarizə aparıb.
Nəticədə Portuqaliya 134, Avstriya isə 131 səs toplayaraq seçilib. Almaniya isə cəmi 105 səs əldə edərək rəqiblərindən geri qalıb.

Beləliklə, tarixində ilk dəfə olaraq Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü uğrunda qatıldığı seçkidə uğursuzluqla üzləşib.
İsrail və Qəzza siyasəti müzakirə mövzusu oldu
Almaniya mətbuatında dərc olunan çoxsaylı təhlillərdə uğursuzluğun səbəbləri arasında hökumətin diplomatik fəaliyyətinin zəifliyi ilə yanaşı, Berlinin İsrail və Qəzza ilə bağlı siyasətinin də rol oynadığı vurğulanıb.
Almaniyanın BMT-dəki keçmiş daimi nümayəndəsi Kristof Hoysgen bildirib ki, ölkəsinin İsrailə münasibəti seçkinin nəticələrinə təsir göstərmiş ola bilər.
Onun sözlərinə görə, bir çox dövlət Almaniyanın Qəzzadakı hadisələrə yanaşmasını tənqidi qiymətləndirir və Berlinin beynəlxalq hüquq məsələsində tutarsız mövqe nümayiş etdirdiyini düşünür.
Hoysgen qeyd edib ki, Almaniya Rusiya–Ukrayna müharibəsi zamanı beynəlxalq hüququ müdafiə etdiyini bəyan etsə də, İsrail–Qəzza məsələsində eyni prinsipial mövqeni ortaya qoymayıb.
“Əgər beynəlxalq hüququ nisbi anlayışa çeviririksə, bunun nəticələrinə təəccüblənməməliyik”, – deyə o bildirib.
Hökumətin seçki kampaniyası da tənqid edilir
Almaniyanın bir sıra media orqanları nəticəni ölkənin xarici siyasəti üçün ciddi geriləmə kimi qiymətləndirib. Mətbuatda hökumətin seçki kampaniyasını gec başlatdığı və kifayət qədər fəal aparmadığı barədə fikirlər səsləndirilib.
“Welt”, “Stern” və “Tagesspiegel” nəşrlərində yayımlanan təhlillərdə Almaniyanın Qəzza müharibəsinə münasibətinin, İsrailin İrana qarşı hücumları ilə bağlı mövqeyinin və bəzi xarici siyasət məsələlərində ABŞ-a yaxın xətt izləməsinin bir sıra ölkələrdə narazılıq yaratdığı qeyd olunub.
“Tagesspiegel” qəzetində dərc olunan şərhdə isə nəticənin Almaniyanın xarici siyasətdəki ziddiyyətlərinin əksi olduğu vurğulanıb.
Berlində şok effekti

Mühafizəkar siyasi dairələrdə isə uğursuzluğun əsas səbəbi kimi Almaniyanın seçki kampaniyasının zəif təşkili, kansler Fridrix Mertsin BMT Baş Assambleyası çərçivəsində aparılan diplomatik fəaliyyətə kifayət qədər diqqət ayırmaması və hazırlıq çatışmazlığı göstərilir.
Diplomatik mənbələr hesab edirlər ki, Almaniyanın Qəzza müharibəsi zamanı İsrailə verdiyi dəstək xüsusilə Afrika, ərəb ölkələri və “Qlobal Cənub” adlandırılan dövlətlər arasında Berlinin səs itirməsinə səbəb olub.
Almaniyanın “Bild” qəzeti nəticəni federal hökumət üçün ciddi uğursuzluq adlandırıb. “Deutsche Welle” isə Almaniyanın tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçilə bilmədiyini qeyd edərək, bunu kansler Fridrix Merts və xarici işlər naziri Yohann Vadeful üçün mühüm xarici siyasət məğlubiyyəti kimi qiymətləndirib.
Mövsüm,
AzNews.az