ABŞ–İran razılaşmasının detalları ictimaiyyətə təqdim OLUNACAQ

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan Anlaşma Memorandumunun mətninin yaxın günlərdə rəsmi şəkildə ictimaiyyətə təqdim ediləcəyini bildirib.

AzNews.az xəbər verir ki, Tramp bu barədə Fransada keçirilən Böyük Yeddiliyin (G7) sammiti çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.

ABŞ lideri sənədin məzmununun açıqlanması üçün rəsmi prosedurların tamamlanmasını gözlədiyini, lakin memorandumun dərc edilməsinə qarşı olmadığını vurğulayıb.

“Bunu etməzdən əvvəl rəsmi bir mühit əldə etmək istərdim, amma bununla bağlı heç bir problemim yoxdur. Bu, əla sənəddir”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə memorandumla bağlı xüsusi mətbuat konfransı keçiriləcək və sənəd mediaya ətraflı təqdim olunacaq.

“Yəqin ki, mətbuat konfransı keçirəcəyəm və onu sizə sözbəsöz oxuyacağam ki, mətbuat onu dəqiq şəkildə işıqlandırsın. Bu, çox vacib bir sənəddir”, - deyə ABŞ Prezidenti qeyd edib.

Tramp vurğulayıb ki, sənəddə İranın nüvə silahına malik olmayacağı açıq şəkildə təsbit edilib.

ABŞ Prezidenti həmçinin memorandumun Konqresə təqdim olunması ideyasını dəstəklədiyini bildirib.

“Mən bunu göndərmək barədə heç vaxt düşünməmişdim, amma indi göndərəcəyəm. Bu ideyanı bəyənirəm”, - deyə o əlavə edib.

Trampın sözlərinə görə, Hörmüz boğazının da cümə gününə qədər tam şəkildə açılması gözlənilir.

ABŞ lideri razılaşmanın ikinci mərhələsinin qısa müddətdə həyata keçiriləcəyinə ümid etdiyini də vurğulayıb.