- Dünyanın halı
- 18:51
- 1 847
Hakan Fidan: ABŞ-İran razılaşması fasiləsiz şəkildə icra olunmalıdır
Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında ABŞ və İran arasında əldə olunan razılaşmanı yüksək qiymətləndirib.
Fidan bildirib ki, Ankara bu razılaşmanı regionda qarşıdurma mühitinin aradan qaldırılması baxımından son dərəcə mühüm diplomatik mərhələ hesab edir və onu məmnunluqla qarşılayır.
Nazirin sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi, regiona və dünyaya nəfəs dərmək imkanı yaradan bu addımın müvəqqəti sakitliklə məhdudlaşmayaraq uzunmüddətli və dayanıqlı təhlükəsizlik sisteminə çevrilməsi ən böyük arzudur.
Hakan Fidan qeyd edib ki, razılaşmanın yekun imzalanma mərhələsinə uğurla çatdırılması, tam şəkildə həyata keçirilməsi və davamlı diplomatik platformaya çevrilməsi vacibdir.
O vurğulayıb ki, yekun sənədlər imzalanana qədər davam edəcək həssas dövrdə sülh prosesinə zərər vura biləcək bəyanatlardan və İsrailin prosesi pozmağa yönəlmiş mümkün təxribat cəhdlərindən qəti şəkildə çəkinmək lazımdır.
Türkiyə XİN rəhbəri ABŞ və İran liderlərinin nümayiş etdirdiyi siyasi iradəni xüsusi qeyd edib, həmçinin Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirdiyini bildirib. O, Qətər və Səudiyyə Ərəbistanının diplomatik təşəbbüslərə verdiyi dəstəyi də alqışlayıb.
Fidanın sözlərinə görə, Hörmüz boğazının müharibədən əvvəl olduğu kimi bütün gəmilər üçün təhlükəsiz, sərbəst və fasiləsiz açıq qalması həm regional sabitlik, həm də qlobal enerji təhlükəsizliyi və beynəlxalq ticarət baxımından həyati əhəmiyyət daşıyır.
Nazir bildirib ki, Türkiyənin məqsədi bu razılaşmanın daha geniş regional sülh prosesinə yol açmasıdır və Ankara bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Hakan Fidan görüş zamanı Rusiya-Ukrayna müharibəsini də müzakirə etdiklərini bildirərək qeyd edib ki, Türkiyənin əsas prioriteti Moskva ilə Kiyevin yenidən danışıqlar masasına qayıtmasıdır. O, tərəflər razılaşacağı təqdirdə növbəti danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını da bir daha bəyan edib.

Nazir son dövrlərdə müharibənin genişlənməsi riskinin və cəbhədən uzaq hədəflərə zərbələrin artmasının ciddi narahatlıq doğurduğunu vurğulayıb. O, xüsusilə Qara dənizdə gəmiçilik təhlükəsizliyinə təhdid yaradan hadisələrin qarşısının alınmasının vacibliyini qeyd edib.
Fidan həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesində əldə olunan irəliləyişdən məmnunluq duyduqlarını bildirib. Onun sözlərinə görə, atılan addımlar regionda sülhün artıq praktik müstəviyə keçdiyini göstərir.
Türkiyə XİN rəhbəri iqtisadi əməkdaşlığın genişləndirilməsinin, nəqliyyat və ticarət marşrutlarının inkişafının, enerji və logistika sahəsində qarşılıqlı faydaya əsaslanan layihələrin Cənubi Qafqazda sabitliyin təmin olunmasına mühüm töhfə verəcəyini vurğulayıb.
Fidan qeyd edib ki, Türkiyə region problemlərinin bölgə ölkələri və yaxın qonşular tərəfindən dialoq və əməkdaşlıq yolu ilə həll edilməsinin tərəfdarıdır və “3+3” regional əməkdaşlıq platformasını bu baxımdan mühüm mexanizm hesab edir.
Nazir çıxışında Fələstin məsələsinə də toxunaraq bildirib ki, Qəzzada atəşkəsin qorunması, humanitar yardımın fasiləsiz çatdırılması və yenidənqurma işlərinin başlanması üçün diplomatik fəaliyyət davam etdirilir.
O, İsrailin iki dövlətli həlli zəiflədən addımlarının, Qəzzada atəşkəs pozuntularının, İordan çayının qərb sahilində məskunlaşma siyasətinin və Şərqi Qüdsdəki təxribatların qarşısının alınması üçün beynəlxalq səylərin artırılmasının vacib olduğunu qeyd edib.
Fidan vurğulayıb ki, Yaxın Şərqdə uzunmüddətli təhlükəsizlik yalnız region ölkələrinin legitim təhlükəsizlik narahatlıqlarının birlikdə nəzərə alınması ilə təmin oluna bilər və Türkiyə bu istiqamətdə təşəbbüslər göstərməyə davam edəcək.
Mövsüm,
AzNews.az