"Kremlin şərtləri belə bir görüşü faktiki olaraq mümkünsüz edir" — Elçin Xalidbəyli

"Prezident Zelenski də çox yaxşı bilir ki, Rusiya Prezidenti Vladimir Putin onun görüş təklifini qəbul etməyəcək. Bu məsələ ilə bağlı Kreml tərəfindən dəfələrlə açıqlamalar verilib və Rusiyanın hazırkı mərhələdə ikitərəfli görüş formatına hazır olmadığı bildirilib. Burada əsas məqam ondan ibarətdir ki, Kreml birbaşa görüş təkliflərini rədd etmir, lakin elə şərtlər irəli sürür ki, belə bir görüşün baş tutması faktiki olaraq mümkünsüz görünür. Kremlin mövqeyinə görə, ikitərəfli görüş Moskvada keçirilməlidir. Yəni, Prezident Volodimir Zelenski Moskvaya səfər etməli və Putinlə görüşməlidir. İkinci mühüm şərt isə ondan ibarətdir ki, Kreml hesab edir ki, belə bir görüş sadəcə siyasi-diplomatik təmas xarakteri daşımamalıdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə G7 sammiti çərçivəsində görüş keçirmək təşəbbüsü beynəlxalq siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Zelenski bildirib ki, görüşdə ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronun da iştirakı münaqişənin diplomatik yollarla həlli istiqamətində yeni imkanlar yarada bilər. Müharibənin davam etdiyi, tərəflər arasında hərbi qarşıdurmanın səngimədiyi və sülh danışıqlarında ciddi irəliləyişin müşahidə olunmadığı bir dövrdə irəli sürülən bu təşəbbüs xüsusi diqqət çəkir. Siyasi müşahidəçilərin fikrincə, G7 kimi nüfuzlu beynəlxalq platformada baş tuta biləcək belə bir görüş həm regional təhlükəsizlik, həm də münaqişənin gələcək taleyi baxımından mühüm əhəmiyyət daşıya bilər.

Siyasi şərhçi qeyd edib ki, sülh masası arxasında prinsipial razılaşmalar əldə olunmalı, dövlət başçıları isə həmin razılaşmaları öz imzaları ilə rəsmiləşdirməlidirlər.

"Faktiki olaraq, Rusiya Ukraynanın kapitulyasiya xarakterli şərtləri qəbul etməsindən sonra görüşün keçirilməsinə razı ola biləcəyinə eyham vurur. Çünki Kremlin irəli sürdüyü şərtlər dəyişməz olaraq qalır və Moskva bu məsələdə güzəştə getmək niyyətində olmadığını nümayiş etdirir. Ukrayna isə Rusiyanın irəli sürdüyü şərtləri qəbul etmir. Bu isə o deməkdir ki, belə bir görüşün baş tutma ehtimalı olduqca aşağıdır. Zelenski bu manevrlə Rusiyanın aqressor olduğunu və sülh danışıqlarından müxtəlif bəhanələrlə yayındığını Qərb siyasi dairələrinin, eləcə də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışır. Bu yanaşma sonrakı mərhələdə Ukraynaya siyasi və hərbi dəstəyin artırılması üçün əlavə zəmin yarada bilər. Bu baxımdan, G7 sammiti çərçivəsində Rusiya və Ukrayna liderlərinin görüşəcəyinə inanmaq çətindir. Hətta belə bir görüş baş tutsa belə, onun Ukraynadakı müharibənin dayandırılmasına ciddi müsbət təsir göstərəcəyi inandırıcı görünmür. Mövcud vəziyyət göstərir ki, tərəflər münaqişənin növbəti mərhələsinə hazırlaşırlar. Bu mərhələdə mübarizə təkcə döyüş meydanında deyil, siyasi-diplomatik müstəvidə də davam edir. Başqa sözlə, müharibə hazırda iki istiqamətdə aparılır: həm hərbi əməliyyatlar, həm də qarşılıqlı siyasi manevrlər vasitəsilə. Bu mənada Zelenskinin təklifini daha çox siyasi gediş kimi qiymətləndirmək olar. Ukrayna prezidenti alacağı cavabı əvvəlcədən bildiyi üçün belə bir təkliflə çıxış edir. Əsas məqsəd Rusiyanı növbəti dəfə beynəlxalq ictimaiyyətə aqressor, sülh danışıqlarından və siyasi-diplomatik təmaslardan yayınan tərəf kimi təqdim etməkdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az