"İsrail amili yekun razılaşmanın taleyinə təsir göstərə bilər" — Oqtay Qasımov

"ABŞ və İran arasında hələlik yekun sülh sazişi deyil, daha çox məhdud çərçivəli memorandum xarakterli sənəd üzərində razılıq əldə olunmaqdadır. Bu proses başa çatdıqdan sonra sənədin imzalanması mümkün olsa da, hazırkı mərhələdə söhbət bütün məsələləri əhatə edən yekun razılaşmadan getmir. Atəşkəsin daha iki ay uzadılması və bu müddət ərzində danışıqların davam etdirilməsi nəzərdə tutulur. Məhz bu səbəbdən qarşıdakı dövrdə tərəflər arasında intensiv müzakirələrin aparılacağı gözlənilir. Sənəddə hələlik ən kritik məsələlər öz əksini tapmayıb. Bunlara İranın nüvə proqramı, raket arsenalı, regiondakı proksi qüvvələrə dəstək verməsi, eləcə də zənginləşdirilmiş uranın taleyi ilə bağlı məsələlər daxildir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, ABŞ və İran arasında uzun müddətdir davam edən gərginliyə son qoyulması istiqamətində mühüm razılaşma əldə olunub. Pakistanın Baş naziri Sahbaz Şərif bu barədə məlumat verərək bildirib ki, tərəflər sülh sazişinin mətnini artıq razılaşdırıblar. Hazırda sənədin yekunlaşdırılması və texniki detalları ilə bağlı işlər davam etdirilir. Razılaşmaya əsasən, rəsmi imzalanma mərasiminin iyunun 19-da İsveçrədə keçirilməsi planlaşdırılır.

Siyasi şərhçi qeyd edib ki, bu mövzular üzrə hələlik yekun razılıq əldə olunmayıb və onların növbəti iki ay ərzində aparılacaq danışıqların əsas müzakirə predmetlərindən biri olacağı gözlənilir.

"Hər hansı razılaşmanın əldə olunması özü-özlüyündə müsbət haldır. Bu, həm regionda sabitliyin təmin olunması, həm də qlobal iqtisadi və siyasi risklərin azalması baxımından əhəmiyyətlidir. Mübahisəli məsələlərin hərbi yolla deyil, danışıqlar vasitəsilə həll edilməsinə üstünlük verilməsi müsbət qiymətləndirilir. Bununla belə, tam sülhdən yalnız yekun razılaşma əldə olunduqdan sonra danışmaq mümkündür. ABŞ-ın əsas tələblərindən biri İranın nüvə silahı əldə etmək imkanlarından imtina etməsi, nüvə proqramının ciddi şəkildə məhdudlaşdırılması və proksi qüvvələrə dəstək məsələsində tərəflər arasında razılığın əldə olunmasıdır. Həmçinin raket proqramı ilə bağlı narahatlıqların da aradan qaldırılması vacib hesab olunur. İranın nüvə proqramı və zənginləşdirilmiş uranın utilizasiyası və ya ölkədən çıxarılması ilə bağlı razılaşma əldə olunarsa, bu, Vaşinqtonun əsas məqsədlərinin müəyyən hissəsinə nail olması anlamına gələcək. Eyni zamanda nüvə silahına malik olmayan İranın region üçün daha təhlükəsiz model kimi qiymətləndirilməsi mümkün ola bilər. Prosesə yalnız ABŞ və İran prizmasından baxmaq düzgün deyil. Burada İsrail amili də nəzərə alınmalıdır. Çünki İsrail bu qarşıdurmanın əsas tərəflərindən biri hesab olunur və hazırkı danışıqların nəticələri onu tam qane etməyə bilər. Bu səbəbdən Təl-Əviv müəyyən hallarda prosesi gərginləşdirən faktor kimi çıxış edə bilər. İsrail ABŞ-dan müstəqil şəkildə də müəyyən addımlar ata bilər. Hazırda Vaşinqtonun təzyiqi nəticəsində İsrail prosesə birbaşa müdaxilə etmir. Lakin Hizbullah məsələsi həm İran, həm də İsrail üçün strateji əhəmiyyət daşıyır. İsrailin Livandakı mövcudluğu və Hizbullahla bağlı siyasəti də gələcək danışıqların mühüm elementlərindən biri olaraq qalır. Əldə olunan ilkin razılaşmalarda Livan məsələsi və İsrail qoşunlarının bu ölkədən çıxarılması ilə bağlı mövzuların da müzakirə olunduğu qeyd edilir. Bu isə göstərir ki, proses kifayət qədər mürəkkəb və çoxşaxəlidir. Yekun razılaşma əldə olunana qədər tərəflər arasında tam sülhün bərqərar olduğunu söyləmək mümkün deyil. Hazırkı mərhələni daha çox müvəqqəti sülh prosesi və ya gərginliyin azaldılması istiqamətində atılmış addım kimi qiymətləndirmək olar. Bununla belə, istənilən halda müharibə ilə müqayisədə hətta qeyri-kamil sülh belə daha üstün variant hesab edilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az