Aİ liderləri Brüsseldə toplaşdı: enerji, Ukrayna və miqrasiya gündəmdədir

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderlərini bir araya gətirən Zirvə toplantısı Birliyin iqtisadi rəqabət qabiliyyətini artırmaq və təhlükəsizlik sahəsindəki problemlərə birgə həll yolları tapmaq məqsədilə Brüsseldə başlayıb.

İki gün davam edəcək toplantıda enerji qiymətlərinin artmasının vətəndaşlara və müəssisələrə təsirindən Ukraynadakı müharibəyə, Yaxın Şərqdəki münaqişələrdən miqrasiya siyasətinə qədər bir çox məsələ müzakirə olunacaq.

Aİ Şurasının Prezidenti Antonio Koşta ABŞ-nin “X” sosial şəbəkəsindəki hesabında zirvənin “Vahid Avropa, vahid bazar” gündəliyi ilə başladığını bildirib. Koştanın sözlərinə görə, Birliyin məqsədlərinə çatması üçün götürülən öhdəliklər konkret addımlara çevrilməli və işlər sürətləndirilməlidir. O, avropalılara daha çox iş yeri, güclü müəssisələr və daha yaxşı həyat şəraiti təqdim etməyi hədəflədiklərini qeyd edib.

Enerji xərcləri və iqtisadi rəqabət qabiliyyəti

Zirvənin ilk sessiyasında 2026–2027-ci illəri əhatə edən “Vahid Avropa, vahid bazar” gündəliyi çərçivəsində iqtisadi siyasətlərin həyata keçirilməsi sahəsində əldə olunan irəliləyişlər qiymətləndiriləcək.

Enerji qiymətlərinin artımının müzakirə olunacağı sessiyada neft və təbii qazın bahalaşmasının ev təsərrüfatlarına və müəssisələrə təsirini azaltmaq üçün görülə biləcək tədbirlər nəzərdən keçiriləcək.

Avropa Parlamentinin sədri Roberta Metsola zirvə öncəsi açıqlamasında enerji xərcləri və enerjiyə çıxışın Aİ-yə üzv bütün ölkələrə təsir edən problemlər sırasında olduğunu bildirib. Metsola enerji bazarlarında sabitliyin təmin edilməsi üçün əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Lüksemburqun Baş naziri Lük Friden də Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji mənbələrini şaxələndirmək istiqamətində addımlar atdığını, lakin enerji təhlükəsizliyini gücləndirmək üçün bu səylərin davam etdirilməli olduğunu deyib. Friden həm enerji mənbələrinin, həm də təchizat marşrutlarının şaxələndirilməsinə, eləcə də bərpaolunan enerji istehsalının sürətləndirilməsinə ehtiyac olduğunu qeyd edib.

2028–2034-cü illər üçün Aİ büdcəsi müzakirə olunacaq

Zirvənin ilk günündə müzakirə ediləcək mühüm məsələlərdən biri də Aİ-nin 2028–2034-cü illəri əhatə edən Çoxillik Maliyyə Çərçivəsi olacaq. Liderlərin Birliyin qarşıdakı illərdə xərcləmə prioritetlərini və büdcə planlaşdırmasını qiymətləndirməsi gözlənilir.

Günün sonrakı saatlarında keçiriləcək işgüzar şam yeməyində isə Aİ-nin genişlənmə siyasəti müzakirə olunacaq. Görüşlərdə yeni üzvlük prosesləri ilə yanaşı, Birliyin gələcək genişlənməyə hazır olması üçün zəruri olan institusional və siyasi islahatlar da nəzərdən keçiriləcək.

Metsoladan Rusiyaya qarşı sanksiyaların artırılması çağırışı

Avropa Parlamentinin sədri Roberta Metsola Rusiyanın Ukraynaya qarşı hücumlarını intensivləşdirdiyinə diqqət çəkərək Avropanın diqqətini müharibədən yayındırmamalı olduğunu bildirib.

Metsola Rusiyaya tətbiq olunan sanksiyaların artırılmasının və əhatə dairəsinin genişləndirilməsinin vacibliyini müdafiə edib. O, Ukraynadakı vəziyyətin Avropanın təhlükəsizlik siyasətində prioritet olaraq qaldığını vurğulayıb.

Zirvənin ikinci günündə müzakirələrin Ukrayna məsələsi ilə başlaması planlaşdırılır. Liderlərin müharibənin gedişini və Aİ-nin Ukraynaya münasibətdə mövqeyini qiymətləndirməsi gözlənilir.

Yaxın Şərq və miqrasiya gündəmdə

Zirvənin ikinci günündə Ukrayna ilə bağlı müzakirələrdən sonra Yaxın Şərqdəki vəziyyət nəzərdən keçiriləcək. Toplantıda Qəzza və İordan çayının qərb sahilindəki durumla yanaşı, Yəmən, Livan, İran və Suriyada baş verən son hadisələr də müzakirə olunacaq.

İkinci gün keçiriləcək işgüzar şam yeməyində isə miqrasiya məsələsi liderlərin gündəmində olacaq. Aİ ölkələrinin miqrasiya siyasətləri və bu sahədə ortaq yanaşmanın formalaşdırılması müzakirə ediləcək.

Böyük Britaniyanın Aİ-yə qayıtması məsələsi də gündəmə gəlib

Avropa Parlamentinin sədri Roberta Metsola Böyük Britaniyanın yenidən Aİ-yə üzv olmaq ehtimalını şərh edərkən belə bir inkişafı məmnuniyyətlə qarşılayacaqlarını bildirib.

Böyük Britaniyanın Birlikdən ayrılmasından sonra Avropa ilə münasibətlərin gələcəyi vaxtaşırı gündəmə gəlir. Lakin mümkün üzvlük prosesi siyasi və hüquqi baxımdan genişmiqyaslı danışıqlar tələb edir.

İki günlük zirvədə liderlərin iqtisadi prioritetlərlə yanaşı, Avropanın enerji təhlükəsizliyi, müdafiə və xarici siyasət sahələrində ortaq mövqeyinin gücləndirilməsinə dair məsələləri də qiymətləndirməsi gözlənilir.

Mövsüm,

AzNews.az