Görkəmli satirikimiz Mirzə Ələkbər Sabir o vaxt məclislərin birində on iki kişinin bir-biri ilə olan söhbətini qələmə alıb. Görkəmli satirikimiz Mirzə Ələkbər Sabir o vaxt məclislərin birində on iki kişinin bir-biri ilə olan söhbətini qələmə alıb.

Qəzetçinin etirafı

Görkəmli satirikimiz Mirzə Ələkbər Sabir o vaxt məclislərin birində on iki kişinin bir-biri ilə olan söhbətini qələmə alıb.

Onların arasında elm adamları ilə birgə, cahil və avamları da olub. Bir sözlə, hərə öz tutduğu işlərdən danışırmış. Birinci vəkil başlayır: “Həqsizə həqli deyib, bir çox günaha batmışam”. Bu yerdə günah sözü həkimə yaman təsir edir, o da başlayır etiraf etməyə: “Dərdi təşxis etməyib, qövm-əqrəba ağlatmışam”. Tacir də dözməyib: “Mən həlal ilə həramı bir-birinə qatmışam”-deyir. Molla da eləmə tənbəllik, söhbətin məcrasına düşür: “Gündə bir fitva verib, məxluqu çox aldatmışam”. Cahil isə ortada keyf eyləyib, mərama çatdığını bildirir. “Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam”-sözlərini də şair deyir...

M.Ə.Sabirin 19-cu əsrdə qələmə aldığı məclis əhlinin etirafı bügünkü günümüzlə tam səsləşsə də mənim fikirlərim 19-cu əsrin Fransa təxəyyülünə yollandı. Ona görə ki, məşhur fransız yazıçısı Gi de Mopassan da “Ölü” hekayəsini elə o dövrdə yazmışdır. Orada da insanlar öz günahlarını etiraf edirdilər.

Lakin Mopassanla Sabir arasında bir fərq var, biri öldürəndən sonra etiraf etdirir, digəri isə diriykən. Elə buna görə də Sabir operativliyinə olan simpatiyam Mopassan xülyasına olan heyranlığımdan üstündür.

Öz fikirlərimdən danışdım, ədibin məclis söhbətləri yarımçıq qaldı. Qoy onu da bitirək ki, mərhumun ruhu şad olsun. Deməli, yuxarıdakı məclis söhbətlərində Sabir obyektivliyi qoruyaraq öz peşəsinə də “sataşır”. Belə ki, qəzetçinin “Mən cəridəm, dolmaq üçün mətləbi uzatmışam” sözləri də satirik ustadın qulaqlarından yayınmır.

Elə biz də qəzetçi olduğumuza görə, məhz şairin səsləndirdiyi bu fikirlərin üzərində qərar tutaq. Ona görə ki, bu gün həqiqətən də səhifə dolduran yazarlarımız en qədərdir. Fikirləşə bilərsiniz ki, yuxarıdakı etiraflar qəzetçinin etirafından daha önəmlidir və daha acınacaqlıdır, niyə onlardan danışmırsan, onlar ki, bu günümüzlə tam səsləşirlər?!

Ona görə danışmıram ki, qəzetçilərə ərkim çatır, ətimi yesələr də sümüyümü atmazlar. Digər səbəb odur ki, mənim də Sabir qədər qüdrətim yoxdur ki, diriykən kimlərdənsə danışım, qoy hələ ölsünlər, ondan sonra Mopassanlıq edərəm.

Sabirin dövründə nə Qarabağ müharibəsi vardı, nə atəşkəs, nə də ki, erməni dığası. Nəqliyyat vasitəsi yoxuydu ki, yolları da olsun. Elə ona görə də Sabir əcnəbinin balonlarla göyə çıxmasına həsədlə baxırdı. Bir sözlə, bizim satirik ustad elə bir dövrdə yaşayıb-yaradıb ki, onun nə texnikası, nə güclü ordusu, nə təhsili, nə də kosmosa göndərməyə peyki olub. Elə mollanın moizələrini dinləyib, arada da onun yazı yazanları necə döyməsindən danışıb.

Lakin, görün, bugünkü qəzetçinin yazmaq üçün nə qədər mövzusu var? Bugünkü qəzetçi yeni tikilən yol qovşaqlarından yazır, bilir ki, sabah da onun çökməsindən yazacaq. Bugünkü qəzetçi Amerikadan yazır, bilir ki, sabah da Suriyadan yazacaq. Bugünkü qəzetçi təhsildən yazır, bilir ki, sabah da savadsızlıqdan yazacaq. Bugünkü qəzetçi narkomandan yazır, bilir ki, sabah da onun nəticəsindən yazacaq. Bugünkü qəzetçi avtomobildən yazır, bilir ki, sabah da ağır yol qəzalarından yazacaq. Bügünkü qəzetçi kosmosdan yazır, bilir ki, sabah da meteoritdən yazacaq. Bugünkü qəzetçi evsizlərdən yazır, bilir ki, sabah da göylərə ucalan göydələnlərdən yazacaq və ən nəhayət, bugünkü qəzetçi Qarabağdan yazır, bilir ki, sabah da onun azadlığından yazacaq...

Nə qədər misal çəksək, yenə də azdır. Odur ki, rəhmətlik Sabirin qəzetçi barədə dediklərini öz dövrü üçün məqbul hesab edirəm və danmıram ki, bu dövrdə “COPY-PASTY”-nin “şotuna” mətləbi uzadanlar da az deyil.

Hələ bunlar bir yana, bu gün qəzetçi hara gedir, bu sözlərlə rastlaşır–“Bala, bir məndən də yaz”. İnanmıram ki, fəaliyyəti dövründə bu sözlərlə rastlaşmayan qəzetçi olmasın. Bunlar öz yerində, yerində olmayan bir məsələ var, bu da reket qəzetçilikdir. Bu barədə isə bir sonrakı dəfə...

Elgün MƏNSİMOV